RUSİYA

Rusiyada “Rövşən Lənkəranskinin dəstəsi” həbs edildi

Dəstə üzvləri quldurluq, qanunsuz silah alveri və qəsdən sağlamlığa zərər vurma halları üzrə günahkar biliniblər
Sputnik

BAKI, 7 iyun — Sputnik. Rusiya Federasiyasının Nijni Tagil şəhərinin Lenin rayon məhkəməsində mediada “Rövşən Lənkəranskinin bandası” adlandırılan cinayətkar qrupa qarşı məhkəmə hökmü oxunub.               

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, 12 nəfər (Telman Vəliyev, İsa Əbilov, İlkin Əbilov, Mixail Allahverənov, Asim Abbasov, Maskal Vidak, Denis Qayov, Emil İgidov, Xıdır Hacıyev, Eduard Trakslel, Orxan Muradov və Roman Lenkov) mütəşəkkil dəstənin tərkibində qəsbkarlıq və quldurluq, qanunsuz silah alveri, yaşayış yerinin toxunulmazlığının pozulması və qəsdən sağlamlığa orta dərəcədə zərər vurma halları üzrə günahkar biliniblər.

Rusiyada “Rövşən Lənkəranskinin dəstəsi” həbs edildi

Məhkəmə İsa Əbilovu cəzasını ciddi rejimli cəzaçəkmə koloniyasında çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edib. Onun qardaşı İlkin Əbilov isə cəzasını 8,5 il ciddi rejimli koloniyada çəkəcək.

Qeyd olunur ki, Vəliyev 8 il, Allahverənov 6 il, Abbasov 4,5 il, Vidak 3,5 il, Gayov 3 il, İgidov 3 il, Hacıyev 4 il, Traksel 4,5 il, Muradov 4 il, Lenkov 4,5 il müddətində azadlıqdan məhrum olunublar. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkəcəklər.

İttihamçının bildirdiyinə görə, “əsasən azərbaycanlı milliyətindən olan idmançılardan ibarət” qrup 2015-2016-cı illərdə Vəliyevin başçılığı altında fəaliyyət göstərirmiş. Vəliyev cinayətkar qrupa 4 avqust 2016-cı ildə həbs olunana kimi başçılıq edib.

Bir qədər əvvəl “Ura.ru” bildirirdi ki, Vəliyevin bandası 2016-cı ildə Türkiyədə güllələnmiş azərbaycanlı “qanuni oğru” Rövşən Caniyevin (Lənkəranski) idarəsi altında imiş.