HADİSƏ

DİN 3 yaşlı Zəhranın oğurlanması ilə bağlı məlumat yaydı - FOTO

Uşaq tapılan zaman onun yanında olan Masallı rayon sakini 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə gətirilib
Sputnik

BAKI, 6 iyun — Sputnik. Daxili İşlər Nazirliyi 3 yaşlı Zəhra ilə bağlı rəsmi məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə,Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Zəhranın valideyni Rəsul Bağırzadə uşağın tapılmasında göstərdikləri xidmətlərə görə daxili işlər orqanlarının hər bir əməkdaşına öz təşəkkürünü bildirib.

R.Bağırzadə hadisə günü həyat yoldaşı ilə birlikdə Zəhranı evin böyük övladının yanında qoyaraq işə getdiklərini bildirib. Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb itkin düşəndən sonra valideynləri bu barədə polisə məlumat veriblər.

DİN 3 yaşlı Zəhranın oğurlanması ilə bağlı məlumat yaydı - FOTO

Qeyd edək ki, uşaq tapılan zaman onun yanında olan Masallı rayon sakini 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə gətirilib. Hadisənin təfərrüatları və Zəhranın hansı şəraitdə itkin düşdüyünü müəyyən etmək istiqamətində müvafiq olaraq istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, 3 yaşlı Zəhra Bağırzadə 2 gün əvvəl Sabunçu qəsəbəsində itkin düşüb. Uşağın valideynləri dərhal hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər və polis Zəhranın axtarılmasına başlayıb. İlkin xəbərdə uşağın xəbərsiz evdən çıxdığı və geri qayıtmadığı bildirilir.

Son məlumatlara görə, Zəhra itkin düşməyib, tapılan zaman yanında olan qadın tərəfindən oğurlanıbmış.