BAKI, 6 iyun — Sputnik. “İyun ayının 15-dən etibarən paytaxt çimərliklərinə təcili tibbi yardım briqadaları təhkim olunacaq”. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının növbətçi hissəsindən məlumat verilib.
Növbətçi hissədən bildiriblər ki, mövsüm rəsmi açılmamış təcili tibbi yardım briqadalarının çimərlik ərazilərinə təhkim edilməsi mümkün deyil: “Çimərlik mövsümü rəsmi açıldıqdan, çimərlik əraziləri ilə bağlı bizə siyahı təqdim edildikdən sonra həmin çimərliklərə təcili və təxirəsalınmaz yardım briqadaları təhkim olunur. Həmin briqadalar növbəli şəkildə axşam saatlarınadək çimərliklərə gələnlərə xidmət edirlər”.
Stansiyadan onu da bildiriblər ki, qadağan olunmuş çimərliklərə adəti üzrə təcili tibbi yardım briqadaları göndərilimir. Briqadalar rəsmi şəkildə çimməyə icazə verilən, bakterioloji müayinələri norma daxilində olan çimərliklərə təhkim ediləcək.
Hələ ki, çimərlik mövsümü açılmadığından, suda boğulma ilə bağlı müraciət də daxil olmayıb. Havalar isinəndən suda boğulma ilə bağlı bir fakt qeydə alınıb. İyun ayının 4-də Mingəçevir su anbarında boğulma hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 1 nəfərin su anbarında batması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 2001-ci il təvəllüdlü Tağıyev Orxan Naib oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.