CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qızmar yay ayları başlayır: İlan sancması zamanı nə etməli?

Xəstədə dərhal müdaxilə edilməsə, 1-36 saat içində şiş, ağrı, eskimoz, sançmadan 16-36 saat sonra nekroz yaranır.
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 5 iyun — Sputnik. Hava getdikcə qızır. İlan sancması da daha çox yay aylarında, xüsusilə havaların qızmar keçdiyi dövrdə müşahidə edilir. Bu dövrdə ilanlar, xüsusilə də gürzələrin fəallıq dövrü başlayır.

İlan sancmasıyla bağlı statistika açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, çox vaxt sosial şəbəkələrdə Azərbaycanda dörd metr və daha iri ölçülü gürzə barədə şişirdilmiş görüntülər yayılır: "Təbii ki, bu, həqiqətə uyğun deyil. Azərbaycanda rast gəlinən digər beş növ gürzələr xırda ölçülü dağ gürzələridir, çox məhdud ərazilərdə, həm də çox nadir rast gəlinən gürzələrdir".

T.İsgəndərov qeyd edib ki, ölkəmizdəki digər 22 növ ilan insan həyatı üçün heç bir təhlükəsi olmayan zəhərsiz ilan növləridir. Bu ilanların bəziləri ilkin halda çox aqressiv olsalar da, sancmalarının insan üçün heç bir təhlükəsi yoxdur.

T.İsgəndərovun sözlərinə görə, ilanlardan qorunmaq üçün həyətyanı sahələrdə ilanlara əlverişli şəraiti məhv etmək, sıxlıq, kolluq əraziləri təmizləmək lazımdır. Çünki ilanlar daha çox kolluq ərazilərdə gizlənir.

"İlandan qorunmağın ən etibarlı yolu ərazidə ilan üçün münbit və əlverişli şəraiti ləğv etmək, gizlənmə yerləri qoymamaq, əşyaları, materialları yerdən 50-60 sm hündürlükdə dayaq üzərinə yığmaq, ərazini səliqəli saxlamaq, otu, kol-kosu biçmək, siçan-siçovul və quş yuvalarını ləğv etməkdir" – deyə İsgəndərov qeyd edib.

Həkim terapevt Məlahət Abbasovanın sözlərinə görə, ilan sancması zamanı şişkinlik, şiddətli ağrı, bənövşəyi rəngə çalma, qanaxma, ürək bulanması və qusma, baş gicəllənmə, huşun itməsi, ürək atışının sürətlənməsi, spazmalar müşahidə edilir. Həkim bildirir ki, ilanın zəhəri bədənə limfa yolu ilə yayılır. Belə hal baş verdiyi zaman xəstə yerindən tərpədilməməlidir. Əks halda zəhər qana qarışar və daha tez zəhərlənmə baş verə bilər: "İlan zəhəri orqanizmin müqavimətinə və zəhərin miqdarına görə təsir edir. Bu, uşaqlar üçün daha təhlükəlidir. İlan sancması zaman zəhər mərkəzi sinir sisteminə və qan-damar sisteminə təsir edir. İlan şahdamarı yaxın bir yeri dişləyibsə, ölüm ehtimalı daha yüksək olur.

Xəstəyə dərhal müdaxilə edilməsə, 1-36 saat içində şiş, ağrı, eskimoz, sancmadan 16-36 saat sonra nekroz yaranır. İlan sancan şəxsdə ürəkbulanma, qusma, tərləmə, huşunu itirmə , xəstənin ağzında kauçuk dadı, təzyiq, tüpürcək ifrazatı, danışma çətinliyi, görmə pozuntusu, əzələ sıxılması, burun qanaması, sidik, nəcis ya da tüpürcəkdə qan, pitozis və huşunu itirmə müşahidə edilir”.

İlan qorxudan yediyi varanı qusub

Həkim vurğulayıb ki, sancma yeri yaxşıca yuyulub, antibiotik məlhəm vurulmalıdır. Xəstə kürək üstü uzadılmalı və sancma yerinin 3-5 sm yuxarısından və altdan boğucu bant bağlanmalıdır. Bundan sonra xəstə dərhal həkimə çatdırılmalıdır. Xəstəxanada ilan sancan şəxsə zərdab vurulur və zəhərlənmənin qarşısı alınır.

M.Abbasova qeyd edib ki, ilan sancan xəstəyə qəhvə, spirtli içki, isti içki və s. kimi qan dövranını sürətləndirəcək maddələr verilməməlidir.

Xüsusilə onu yadda saxlamaq lazımdır ki, heç bir halda ilan vuran şəxsi evdə müalicə etməyə cəhd göstərməyin!