İQTİSADİYYAT

ABŞ valyutanı ucuzlaşdıran ölkələri hədələdi: Manatın taleyi aydın deyil

Ekspert: "Bir sıra ölkələr ixrac imkanlarını artırmaq üçün milli valyutanın məzənnəsini aşağı salmaqda maraqlıdır"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 iyun — Sputnik. "ABŞ dollara nisbətdə milli valyutasının dəyərini qəsdən aşağı salan ölkələrə qarşı əlavə rüsumlar tətbiq edə bilər. Xarici dövlətlər artıq pul siyasəti ilə amerikalı işçilərə və müəssisələrə zərər vura bilməyəcək". CNBC xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Uilbur Ross deyib. O, əlavə edib ki, milli valyutanın məzənnəsi ilə manipulyasiya edən ölkələrin müəyyənləşdirilməsi üzrə meyarlar hazırlayacaqlar.

ABŞ valyutanı ucuzlaşdıran ölkələri hədələdi: Manatın taleyi aydın deyil

İqtisadçı-ekspert Vüqar Bayramov ABŞ hökumətinin bu addımını Sputnik Azərbaycan-a şərh edib.

İqtisadçı bildirib ki, burada söhbət valyuta səbətinə daxil olan valyutaların ABŞ dollarına nisbətən məzənnəsinin dəyişdirilməsindən gedir: "Azərbaycan manatı valyuta səbətinə daxil deyil. Manatın məzənnəsinin dəyişməsi ABŞ dollarının qlobal mövqeyinə təsir göstərmir. Azərbaycan ilə ABŞ arasındakı ticarət dövriyyəsi də böyük deyil. Bu baxımdan güman etmirəm ki, söhbət manata aid deyil. Daha çox aparıcı ölkələrin, xüsusən də avronun, yuanın (Çin valyutası), yenin (Yapon valyutası) məzənnəsinin ABŞ dollarına nisbətən dəyişməsindən gedir".

"Burada yanaşma ondan ibarətdir ki, məhz həmin valyutaların dollara nisbətən məzənnəsinin yumşalması ABŞ-ın həmin ölkələrə ixrac imkanlarının azalmasına və bu ölkələrdən ABŞ-a daha çox məhsulların ixrac edilməsinə gətirib çıxardır. Ona görə də ABŞ xarici ticarətdə mövqelərini qorumaq üçün bu addımı atır" – deyə o bildirib.

Onun sözlərinə görə, bu baxımdan həmin qaydaların manata tətbiq edilməsi gözlənilmir: "Çünki nəticə etibarı ilə söhbət qlobal ticarətdə payı olan ölkələrlə münasibətlərdə valyuta məzənnəsinin dəyişməsindən gedir. Düşünürəm ki, bu, inkişaf etməkdə olan ölkələrə tətbiq edilən bir prosedura deyil. Əsas məqsəd ABŞ-ın qlobal bazarda rəqibi olan ölkələrlə münasibətdə bu qaydaların tətbiq edilməsidir. Bu addımlar atılarsa, ABŞ xüsusən də qlobal rəqiblərinə qarşı yeni sərt tədbirlər həyata keçirə bilər".

"Söhbət qlobal ticarətdə daha çox payı olan ölkələrdən gedir. O baxımdan Azərbaycana qarşı sərtləşdirici addımların atılması və manatın məzənnəsinin bu aspektdən qiymətləndiriləcəyi gözlənilmir" –deyə iqtisadçı-alim qeyd edib.

Dövlət büdcəsinin 90 milyon manat vəsaiti "havaya sovurulub"

Ekspertin fikrincə, milli valyutanın sabit yox, bazar dəyərinin olması vacibdir: "Stabil valyutanın müsbət hal olması birmənalı qəbul olunmur. Çünki süni şəkildə milli valyuta stabil ola bilər, amma bu, iqtisadiyyat üçün müsbət hal kimi qiymətləndirilməyə bilər. Digər ölkələr ona görə milli valyutanın məzənnəsinin aşağı salınmasında maraqlıdırlar ki, bu, onların ixrac imkanlarını artırır. Milli valyuta dollara nisbətən ucuz olursa, bu, həmin ölkənin ixrac imkanlarının artırılması və idxalın azalması anlamına gəlir. Həmin ölkələr milli valyutanı ucuzlaşdırmaqda ona görə maraqlı olurlar ki, ABŞ bazarına daha çox məhsul ixrac edə bilsin".

O, əlavə edib ki, ABŞ-ın bu addımının Türkiyəyə də ciddi təsir edəcəyi gözlənilmir: "Lirənin ucuzlaşmasına baxmayaraq Türkiyə ilə ABŞ arasında ticarət dövriyyəsi böyük deyil. Amma region ölkələrlə müqayisədə Türkiyənin ABŞ-la ticarət dövriyyəsi nisbətən çoxdur. Lirə kəskin ucuzlaşarsa, ABŞ Türkiyə ilə ticarət əlaqələrində adekvat addımlar ata bilər. Amma hədəf daha çox ABŞ-ın qlobal bazarda rəqibi olan ölkələrdir. Türkiyə qlobal bazarda ABŞ-ın rəqibi hesab olunmur".