BAKI, 3 iyun — Sputnik. "Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası"təsdiq edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Həmçinin qərarla "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 dekabr tarixli 244 nömrəli Qərarının 1-4-cü hissələri ləğv edilib.
Eyni zamanda "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar"ın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 mart tarixli 118 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilib.
Qeyd edək ki, qaydalar Qayda beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını həyata keçirən avtonəqliyyat vasitələri sürücülərinin (bundan sonra – sürücü və ya sürücülər) iş və istirahət rejimini, taxoqraflardan istifadə qaydalarını,bununla bağlı avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarınıtəşkil edən hüquqi və fiziki şəxslərin (bundan sonra – daşıyıcı), yerinə yetirən sürücülərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
Qaydalar rəqəmsal taxoqraf kartlarına dair sistemin təşkilati-hüquqi əsaslarını,taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınağı,kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən xidmət mərkəzlərinə (servis emalatxanalarına) (bundan sonra – emalatxana) dair tələbləri və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydalarını tənzimləyəcək.
Həmçinin ölkə ərazisində taxoqraflarla təchiz olunmuş beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını həyata keçirən xarici və yerli daşıyıcılara məxsus olan avtonəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejiminə riayət etmələrinə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının əməkdaşları tərəfindən nəzarətin həyata keçirilməsinin əsaslarını müəyyən edir.
Ölkədə taxoqraf kartlarına dair milli sistemin fəaliyyətinin təmin olunması Saziş üzrə səlahiyyətli orqan olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.
Bu Qayda Sazişə qoşulan istənilən dövlətin ərazisində qeydiyyatda olan və həmin Sazişin təsir dairəsinə düşən avtonəqliyyat vasitələri ilə ölkə ərazisində yerinə yetirilən bütün beynəlxalq avtomobil daşımalarına da şamil olunur.
Qaydalara görə, sərnişin daşınması üçün nəzərdə tutulan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olmayan avtobuslar, sərnişin daşınması üçün nəzərdə tutulan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olan avtobuslar, yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 3,5 tondan artıq olan, lakin 12 tondan artıq olmayan avtonəqliyyat vasitələri yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 12 tondan artıq olan avtonəqliyyat vasitələri taxoqrafla təmin olunmalıdır.
Şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələri; daşıma məsafəsi 50 km-dən çox olmayan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələri; icazə verilən maksimum sürəti 40 km/saatdan çox olmayan avtonəqliyyat vasitələri; taksi minik avtomobillərin taxoqrafla təmin edilməsi tələb edilmir.
Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən daşıyıcılar həmin daşımaları həyata keçirən yük avtonəqliyyat vasitələrini və ümumi istifadədə olan avtonəqliyyat vasitələrini taxoqrafla təchiz etməlidirlər. Bu Qaydanın 1.5-ci bəndində göstərilmiş sərnişin və yük avtonəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi daşıyıcıların öz vəsaitləri hesabına həyata keçirilir.
Sürücü, daşıyıcı, emalatxana və ya nəzarətçi kartlarının ilk dəfə verilməsi və ya təzələnməsi sürücünün, daşıyıcının, emalatxananın, yaxud nəzarətçinin vəsaiti hesabına həyata keçirilir.
Bu Qaydanın şamil edildiyi sürücülərin iş və istirahət rejiminə, həmçinin daşıyıcılar tərəfindən bu rejimə riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (bundan sonra – DİN) tərəfindən həyata keçirilir və DİN növbəti ayın 10-dək əvvəlki ay ərzində görülmüş nəzarət tədbirləri barədə Nazirliyə məlumat verir.