CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Operativ reaksiya - Bakıda azyaşlını təhqir edən müəllim barədə qərar verildi

Artıq həmin şəxsin işdən azad edilməsi ilə bağlı yazılan əmr bağçada hər iki mərtəbədə vurulub
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 3 iyun — Sputnik. Artıq bir neçə gündür ki, Bakının Suraxanı rayonu Zığ qəsəbəsində yerləşən 331 saylı uşaq bağçasında baş verən olaylar rezonansa səbəb olub. Belə ki, müəllimə tərəfindən çəkilərək valideynlərin "WhatsApp" qrupuna səhvən atılan videoda azyaşlının təhqir olunduğu məlum olub. Video qısa zamanda sosial şəbəkədə yayılmaqla medianın da diqqətini adıçəkilən bağçaya yönəldib.

Şagirdinə sataşdığı iddia olunan və döyülən müəllimlə bağlı rəsmi açıqlama

Sputnik Azərbaycan-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə aidiyyəti qurumların laqeydliyindən şikayətlənib: "Təəssüflər olsun ki, heç bir aidiyyəti qurum bu məsələ ilə bağlı reaksiya vermir. Fakt doğrudursa, o zaman bununla bağlı hansı tədbirlərin görülməsi haqda ictimaiyyətə məlumat verilməlidir. Hər halda bu video Azərbaycanda çəkilib, hadisə Bakıda baş verib".

Ağazadə deyib ki, əldə edilən məlumata görə, artıq videoda səsi eşidilən müəllim işdən çıxarılıb: "Lakin rəsmi olaraq bizdə bununla bağlı hansısa məlumat yoxdur. Hələ ki, Bakı şəhər İcra Hakimiyyətindən cavab gözləyirik".

Həmsöhbətimizin əldə etdiyi məlumat elə 331 saylı uşaq bağçası tərəfindən də təsdiqini tapıb. Adının açıqlanmasını istəməyən bağça rəsmisi olan şəxs Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Bu hadisə ayın mayın 30-da baş verib. Mayın 31-də isə səhər tezdən valideyn iclası olub və həmin müəllim valideynlərin də imzasını almaqla maddə ilə işdən azad edilib. Artıq həmin şəxsin işdən azad edilməsi ilə bağlı yazılan əmr bağçada hər iki mərtəbədə vurulub".

"Belə şəxslərin bağçada işləmə haqları yoxdur. Biz yalan danışmırıq, hamı eşitsin, bilsin ki, o müəllimə ilə bağlı lazım olan bütün addımlar atılıb. Çünki biz bu hadisəyə laqeyd yanaşa bilməzdik" – verilən məlumatda bildirilib.

Müəllim sinifdə filmə baxdığına görə həbs edildi

Həmin müəllimlə bağlı olaraq isə bu vaxtadək hansısa şikayətlərin olmadığı vurğulanıb: "Onun heç bir problemi, haqqında şikayəti olmamışdı. Əslində hamı şokda idi ki, belə bir hadisə necə baş verə bilərdi".

Qeyd edək ki, adı açıqlanmayan müəllimənin həmin bağçada 3 il işlədiyi və ali təhsilli olduğu bildirilir.