İQTİSADİYYAT

SOCAR-ın Rusiya ilə bağlı böyük planı üzə çıxdı - Şirkət isə susur

Layihənin Rusiya neft sənayesinə ilk nəhəng yatırım olacağı gözlənilir
Sputnik

BAKI, 3 iyun — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın "Sberbank" bankı "SOCAR Enerqoresurs MMC" adlı birgə müəssisə yaradıblar. Sputnik Azərbaycan "Kommersant"a istinadən xəbər verir ki, bu haqda məlumat Rusiyanın Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrində dərc olunub.

Neft ucuzlaşır: Nə və niyə baş verir?

Müəssisədə payların 60 faizinin "SOCAR Russia Investments Ltd" şirkətinə, 40 faizinin isə Sberbank-ın struktur hissəsi olan "SBK Komplekt"ə məxsus olduğu bildirilir.

Yeni birgə müəssisənin müflis vəziyyətdə olan Antipin Neft Emalı Zavodununda (NEZ) prosessinqlə məşğul olacağı gözlənilir.

Prosessinq sxeminə əsasən, neftin sahibi onu neft emalı zavoduna çatdırır, zavoda neft emalı xidmətlərinə görə ödəniş edir, sonra isə əldə olunan neft mallarını təhvil alır və onların satışını həyata keçirir.

Mənbələrdən biri "Kommersant"a bildirib ki, SOCAR iyula kimi Antipin NEZ-də prosessinq işlərini başlamaq niyyətindədir.

Qərar verildi: Azərbaycan Rusiya üzərindən neft nəqlini bərpa edir

Qeyd olunur ki, yeni müəssisəni yaratmaqda məqsəd zavodun fəaliyyətində durğunluğun qarşısını almaqdır. Zavodun fəaliyyəti apreldə dayanmışdı. Səbəb kimi emal üçün neftin alınmasına kifayət qədər maliyyə vasitələrinin olmaması göstərilirdi.

"Kommersant" həmçinin qeyd edir ki, birgə müəssisə əldə etdiyi gəlirin bir hissəsini Orenburq vilayətində yataqların işlənməsinə də yatıra bilər.

Məlumatda bildirilir ki, birgə müəssisənin baş direktoru Fərid Cəfərovdur. O, SOCAR-ın Rusiyada əsas strukturu olan "SOCAR Rus MMC"nin rəhbəridir.

Birgə müəssisənin nizamnamə kapitalının 10 min rubl (təqribən 260 AZN) olduğu göstərilir.

Lakin, SOCAR rəsmisi "Kommersant"a bildirib ki, onda olan məlumata görə, "NEZ-ə dair hər hansı bir qərar hələ ki, verilməyib".

OPEC ölkələri neft hasilatını azaldacaqmı - ekspert şərhi

SOCAR həmçinin Türkiyədə dəyəri 6,3 milyard dollar olan nəhəng STAR neft emalı zavodunun sahibidir.

Qeyd edilir ki, Antipin NEZ-i ilə bağlı layihə SOCAR-ın Rusiya neft sənayesinə ilk nəhəng yatırımı ola bilər.

Onu da bildirək ki, gün ərzində SOCAR-dan sözügedən məsələ ilə məlumat almağa çalışdıq. Dəfələrlə etdiyimiz müraciətə rəğmən, şirkətdən bu məsələyə aydınlıq gətiriləcəyi bildirilsə də, iş vaxtının sonunadək məlumat nə təsdiqləndi, nə də təkzib olundu.