ABŞ-dan İrana danışıq təklifi: İlkin şərtsiz masa arxasına oturaq

İran özünü normal dövlət kimi aparmalı olduğu qənaətinə gəldiyi zaman ABŞ danışıqlara hazır olacaq
Sputnik

BAKI, 2 iyun — Sputnik. ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun ilkin şərt olmadan İranla danışıqlara hazır olduğunu bəyan edib.

Sputnik Azərbaycan-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, M. Pompeo deyib ki, ABŞ İranın "zərərli siyasəti"nə qarşı mübarizə aparmağa davam edəcək.

ABŞ-İran münaqişəsi: Üfüqdə müharibə görünürmü

Dövlət katibi bildirib ki, İran özünü normal dövlət kimi aparmalı olduğu qənaətinə gəldiyi zaman ABŞ danışıqlara hazır olacaq: "Biz İranla ilkin şərtlər irəli sürmədən dialoqa hazırıq. Biz danışıqlar masasına oturmağa hazırıq".

Qeyd edək ki, son aylar ABŞ və İran arasında münasibətlər kəskinləşib. Vaşinqton bu ölkənin əsas iqtisadi sahələrinə sanksiyalar tətbiq edib. ABŞ sanksiyaların tətbiqində əsas məqsədin İranın davranışını dəyişmək olduğunu bəyan edib. Vaşinqton İran İslam İnqilabını Mühafizə Korpusunu isə terror təşkilatları siyahısına daxil edib. Buna cavab olaraq Tehran ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığını terrorçu təşkilat kimi tanıyıb, ABŞ-ın özünü isə "terrora sponsorluq edən dövlət" adlandırıb. Bundan sonra ABŞ Fars körfəzinə "Avraam Linkoln" aviadaşıyıcısını və bobardımançı təyyarələrini göndərib.

Bütün bunların fonunda ABŞ Prezidenti Donald Tramp İranla müharibədən yayınmağın mümkün olacağına ümid etdiyini söyləyib. İran ali dini lideri Əli Xamenei isə İranın ABŞ-la müharibə aparmaq niyyətində olmadığını, ancaq Vaşinqtona müqavimət göstərəcəyini bildirib.