BAKI, 1 iyun — Sputnik. "Şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinin və sistemlərinin, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasının və müddətinin müəyyən edilməsi Qaydaları" təsdiq edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərar Baş Nazir Novruz Məmmədov tərəfindən imzalanıb.
Qaydalar hər bir şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinin və sistemlərinin, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların (bundan sonra – məlumatlar) mühəndiskommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin (bundan sonra – təchizat müəssisələri) internet saytlarına yerləşdirilməsi formasını və müddətini müəyyən edir.
Bu Qaydaların məqsədi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (bundan sonra – sahibkarlar) kommunal xidmətlərə qoşulma ilə bağlı ətraflı məlumat alma imkanının təmin edilməsindən ibarətdir.
Bu Qaydalarda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
Qaydalara görə, internet saytlarına yerləşdirilmiş məlumatlarda dəyişikliklər baş verdikdə, həmin məlumatların təchizat müəssisələri tərəfindən yenilənməsi 3 (üç) iş günü müddətində həyata keçirilir.
Məlumatların təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi və yenilənməsi ilə bağlı Energetika Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən monitorinqlər aparılır.
Təchizat müəssisələri tərəfindən təyin edilən məsul şəxslər məlumatların internet saytlarına yerləşdirilməməsinə və ya yenilənməməsinə görə intizam məsuliyyəti daşıyırlar.
Aparılan monitorinqlər nəticəsində məlumatların internet saytlarına yerləşdirilməməsi və ya yenilənməməsi aşkar edildikdə, Nazirlik tərəfindən aidiyyəti təchizat müəssisəsinə ünvanlanan məktub əsasında həmin müəssisə tərəfindən təyin edilən məsul şəxslər intizam məsuliyyətinə cəlb edilirlər.
Təchizat müəssisələri 30 iş günü müddətində məlumatların internet saytlarına yerləşdirilməsi və ya yenilənməsi, habelə təyin edilən məsul şəxslərin intizam məsuliyyətinə cəlb olunması barədə Nazirliyə məlumat verirlər.
Qeyd edək ki, məlumatlar bu Qaydalar təsdiq edildikdən sonra 3 (üç) ay müddətində təchizat müəssisələrinin internet saytlarına yerləşdirilir.