RUSİYA

Tokio Moskva ilə sülh müqaviləsini təxirə saldı

Tərəflər bir sıra məsələlər üzrə narazılıqları aradan qaldıra bilməyiblər
Sputnik

BAKI, 1 iyun — Sputnik. Yaponiya hökuməti iyunun sonunda Rusiya ilə çərçivə sülh müqaviləsini bağlamaq fikrindən daşındığını bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bunu yerli "Asahi Shimbun" qəzetinə Yaponiya hökumətində olan mənbələr deyib.

Tokio sənədin 28-29 iyunda Osaka şəhərində keçiriləcək G20 sammitinə qədər hazırlanmasını nəzərdə tuturdu. Yaponiya hökuməti SSSR-lə 1956-cı ildə imzalanmış birgə bəyannaməni təsdiq etmək niyyətində idi. Bəyannamədə Moskva sülh müqaviləsinin imzalanmasından sonra Kuril adalarından cənubda yerləşən Şikotan və Hamobay adalarını Yaponiyaya verməyə hazır olduğunu bildirirdi.

Lakin, mənbələr bildirir ki, tərəflər bir sıra məsələlər üzrə narazılıqları aradan qaldıra bilməyiblər.

Xüsusilə, Moskva ABŞ istehsalı olan "Aegis Ashore" raket əleyhinə müdafiə sistemlərinin sözügedən adalarda yerləşdirilməsi imkanının olması bağlı narahatlığını bildirib.