SƏHİYYƏ

Tibb müəssisələri beş ildən bir akkreditasiyadan keçəcək

Əhalinin yüksək keyfiyyətli xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququ təmin ediləcək
Sputnik

 

BAKI, 31 may — Sputnik. Tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna edilən əlavəyə baxılıb.

Əlavəyə görə, akkreditasiyadan keçən tibb müəssisələrinə şəhadətnamə veriləcək.

Tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin hüquqi tələblərə uyğunluğunun müəyyən edilməsi üçün aparılacaq. Bu yolla əhalinin yüksək keyfiyyətli xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququ təmin ediləcək.

Tibb müəssisələrinin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edəcək. Tibb müəssisələrinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirəcək.

Tibb müəssisələrinin akkreditasiyasına görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə rüsum tutulacaq.

Dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.