BAKI, 30 may — Sputnik. "Son bir neçə gündə (24 May və 28 Mayda) ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə iki məktub ünvanlanması ABŞ-ın Azərbaycana yüksək önəm verdiyini və bölgədə liderlik rolunu aydın göstərir".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.
Fərid Şəfiyev qeyd edib ki, məktublarda müxtəlif mövzular əhatə olunur: terrorizmə qarşı mübarizə, enerji sahəsində əməkdaşlıq, ölkədaxili islahatlar və s.
"Adətən Müstəqillik günü ərəfəsində belə məktublar daxil olmaqdadır. Lakin bu dəfə iki məktubun qısa bir zamanda göndərilməsi təsadüfi deyil. Çox güman ki, yaxın zamanlarda ikitərəfli əlaqələr çərçivəsində müəyyən inkişafın olmasını müşahidə edəcəyik" – deyə mərkəzin sədri qeyd edib.
Qeyd edək ki, ABŞ lideri Donald Tramp Respublika günü və XXVI Beynəlxalq "Xəzər Neft və Qaz" sərgisinin keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevə məktub yazıb.
Bu, son bir həftədə Trampın Azərbaycan Prezidentinə yazdığı ikinci məktubdur. O, bundan əvvəlki məktubu mayın 24-də ünvanlayıb.