BAKI, 30 may — Sputnik. Rusiyanın Bakı əsilli populyar ulduz stilisti Vadim Qalaqanov dünyanın ən uğurlu kişisi olub. Sputnik Azərbaycan-ın məlumatına görə, o, "Ən yaxşı fəşn-direktor" nominasiyasında Successful Men Awards ("Uğurlu kişilər") mükafatını alıb.
Bu sevindirici xəbəri stilist özünün Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Layihənin təşkilat komitəsinə 1000-dən çox ərizə daxil olub. Lakin əsas mükafatı yalnız biznes, yaradıcılıq və idmanda zirvələri fəth etmiş ən uğurlu kişilər əldə edib. Onların arasına Qalaqanov da düşüb.
"Artıq pensiyaya getmək olar. Mükafata görə çox sağ olun" - stilist yazıb.
Qalaqanov uzun müddət GQ Russia jurnalının redaktoru olub və dünyanın bir çox məşhur ulduzu ilə işləyib. Stilist bu yaxınlarda həmçinin özünü aktyor qismində sınayaraq rusiyalı ulduz Yuliana Karaulovanın "Ne veryu" (İnanmıram) mahnısının klipində çəkilib. Hazırda o, Rusiyanın Elle jurnalında işləyir.