İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 27 may — Sputnik. Uzun illər əvvəl hamımızın "elektriçka" dediyi nəqliyyat vasitəsi var idi. Onunla Bakı kəndlərindən düz şəhərin mərkəzinə qədər gəlmək olurdu. Nəqliyyat xətti isə özündə bir neçə stansiyanı birləşdirirdi.
Ancaq zaman keçdi və bu nəqliyyat vasitəsi yavaş-yavaş sıradan çıxaraq, tarixə qovuşdu. Sabunçu vağzalı adı ilə tanınan bina isə köhnəlib xarabalığı xatırladırdı. Binanın ətrafında kiçik köşklər açılmışdı. Dönər, piroq, su... köşklərdə nə desən tapmaq olardı. Binaya nə zaman girsən, kəskin qoxu hiss edərdin.
Amma artıq çox şey dəyişib. Bir müddət əvvəl Bakı sərnişin - Sabunçu dəmiryolu xətti yenidən inşa olunub və artıq prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib.
Sputnik Azərbaycan-ın əməkdaşı da Prezidentdən sonra Sabunçu dəmiryolu vağzalında olub.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, inşasına ötən ilin iyunundan başlanılan üçmərtəbəli binanın ümumi sahəsi 4,1 min kvadratmetrdir. Onun sözlərinə görə, artıq Sabunçu dəmir yolu vağzalı kompleksi sərnişinlərə xidmət göstərməyə tam hazırdır.
Qeyd edək ki, binanın birinci mərtəbəsində gözləmə zalı, bilet satışı kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yerləşir.
Hər üç mərtəbədə yerləşən ticarət mərkəzlərinin yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır. Burada müasir dizaynla tərtib olunan istirahət guşələri sərnişinlərin rahatlığını təmin edəcək.
Vağzalda müasir təhlükəsizlik kameraları, yanğınsöndürmə və havalandırma sistemləri, əlavə olaraq eskalator, lift, 17 turniket quraşdırılıb və iki piyada alt keçidi inşa edilib.
S.Qədirovanın sözlərinə görə, Sabunçu vağzalında iki yeni platforma salınıb, işıqlandırma dirəkləri və müasir sərnişin dayanacaqları quraşdırılıb.
Stansiyadakı üç dəmir yolu xətti tamamilə yenidən qurulub. Sabunçu vağzalında dəmir yolu polisinin üçmərtəbəli binası da tikilib və zəruri avadanlıqla təchiz olunub.
“Bakı sərnişin - Sabunçu marşrutu üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub" – deyə o vurğulayıb.
Bakı-Sabunçu dəmiryolu xəttinin əhatə etdiyi stansiyalar yenidən tikilib. Stansiyalarda yaşıllıqlar salınıb, avtomobillər üçün dayanacaq yaradılıb. Müasir işıqlandırma sistemi ilə təchiz olunmuş platformalarda sərnişinlərin rahatlığı üçün hər cür şərait var.
Bakı sərnişin - Sabunçu dəmiryol xəttinin nə zaman fəaəliyyətə başalayacağı məlum olmasa da, gediş haqqı artıq müəyyən edilib. Belə ki, ADY-nin sədri Cavid Qurbanov öz açıqlamasında bildirib ki, qatarlarda gediş haqqı 50 qəpik olacaq.
Vağzal və stansiyalar fəaliyyətə hazırdır, qalır sərnişinlər!
Onu da əlavə edək ki, artıq vətəndaşlar stansiyanın keçidlərindən istifadə edir.