İlham Əliyev: “Azərbaycan informasiya müharibəsinin hədəfindədir”

Dövlət başçısı: “Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir”
Sputnik

BAKI, 27 may - Sputnik. “Bu gün dünyada informasiya müharibəsi aparılır və hər bir vətəndaş bunu açıq-aydın görə bilir. Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir. Ölkə haqqında təhrif edilmiş, yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş vüsət alıb”.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev 28 May - Respublika günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışında bildirib.

Ölkə başçısı deyib ki, biz buna adekvat cavab verməliyik, öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq:

“Bizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü müxalifət adlandıran qruplaşmalar durur. Onların hədəfi Azərbaycanı ləkələməkdir, Azərbaycan haqqında təhrif edilmiş yalan məlumatlar yaymaqdır. Bu, informasiya müharibəsinin bir növüdür. Biz öz siyasətimizlə bütün bu yalanları, bütün bu böhtanları darmadağın edirik və etməliyik. Çünki bu gün Azərbaycan reallıqları onu göstərir ki, ölkə inamla, sürətlə inkişaf edir. Mənim Prezident kimi təcrübəmdə bir çox hallarda xarici qonaqlarla təmaslar, Azərbaycana ilk dəfə gəlmiş qonaqlarla görüşlər əsnasında onlar tərəfindən bir təəccüb hissi duyulurdu: yəni biz bilmirdik ki, Azərbaycan bu qədər inkişaf etmiş ölkədir. Biz bilmirdik ki, Azərbaycanda vəziyyət bu qədər yaxşıdır, şəhərlər bu qədər təmizdir, səliqəlidir, gözəldir. İctimai ovqat müsbətdir. Xalq iqtidarı dəstəkləyir. Yəni nəyə görə bu təəccüb hissləri oyanırdı? Ona görə ki, bizə qarşı çoxşaxəli, məqsədyönlü və davamlı informasiya müharibəsi aparılırdı. Məqsəd Azərbaycanı ləkələmək, inkişafımıza zərbə vurmaq, cəmiyyətimizin ənənəvi dayaqlarını sarsıtmaqdır.

Biz buna heç cür imkan verə bilmərik və imkan vermirik. Çünki biz müstəqillik yolu ilə gedirik. Bizim öz seçimimiz var. Biz güclü dövlət qururuq. O dövlət ki, milli-mənəvi dəyərlər üzərində qurulub. Ona görə hədəflərin biri də məhz bizim milli dəyərlərimizdir, ənənələrimizdir. Çalışırlar ki, onları sarsıdaraq ölkəmizin inkişafına zərbə vursunlar. Azərbaycan xalqı hər şeyi yaxşı bilir və bilməlidir ki, biz informasiya müharibəsi şəraitində yaşayırıq və buna hazır olmalıyıq. Biz bu müharibədə ancaq öz işimizlə, öz qətiyyətimizlə qalib gələ bilərik”.