Nikol Paşinyan məhkəməyə verildi

O digər ölkənin vətəndaşıdır.
Sputnik

BAKI, 24 may — Sputnik. Ermənistan Milli Akademik Opera və Balet Teatrının bədii rəhbəri Konstantin Orbelyan Ermənistan Baş naziri Nikol Paşinyan və Mədəniyyət naziri səlahiyyətlərini icra edən Nazeni Qaribyanı məhkəməyə verib. Bunu Sputnik Ermənistan-a Orbelyanın özü bildirib.

"Ötən gün mənim müqaviləmin qanunsuz olaraq dayandırılması, qanunsuz olaraq vəzifədən kənarlaşdırılmağımla bağlı qərara görə Nazeni Qaribyana, həmçinin Qaribyanı müvəqqəti olaraq nazir təyin edən Paşinyana qarşı məhkəməyə ərizə vermişəm", - deyə Orbelyan bildirib.

Bədii rəhbər vurğulayıb ki, Paşinyan Qaribyanı mədəniyyət naziri səlahiyyətlərini icra etməyə təyin etməyə hüququ yoxdur. Çünki, o digər ölkənin vətəndaşıdır.

Qeyd edək ki, teatr ətrafında qalmaqal martın 26-sı Konstantin Orbelyanın Mədəniyyət Nazirliyindən teatrın direktoru vəzifəsindən uzaqlaşdırılmasına dair məktub almasından sonra başlayıb.