BAKI, 23 may — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Cəlilabad rayonu ərazisində keçirilən əməliyyat zamanı Salyan sakini, əvvəllər məhkum olunmuş İdris Hüseynov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə birlikdə saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı 6 bağlama narkotik vasitə olan tiryək və 3 bağlama heroin aşkar edilərək götürülüb.
Ekspertizanın verdiyi rəyə əsasən müəyyən edilib ki, aşkarlanan tiryək 12 kiloqram 10 qram, heroin isə 2 kiloqram 370 qramdır. İ.Hüseynov ifadəsində bildirib ki, narkotik vasitələri cəzaçəkmə müəssəsində tanış olduğu "Alı" adlı İran vətəndaşından alıb. Həmin şəxs narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirərək İ.Hüseynova verib.
Qeyd edək ki, İ.Hüseynov saxlanılan zaman onun idarə etdiyi avtomobildə 11 yaşlı oğlu da olub. Saxlanılan şəxs ifadəsində qeyd edib ki, narkotik vasitələri əldə etməyə azyaşlı oğlunu yolda polislər ondan şübhələnməsin deyə aparıb. Qeyd edək ki, azyaşlı uşaq artıq polislər tərəfindən anasına təhvil verilib.
Öz çirkin əməlinə azyaşlı uşağını ələt edən İ.Hüseynov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.