CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadınlara qarşı zorakılıq onlar dünyaya gəlməzdən qabaq başlayır

Hicran Hüseynova: Qadınlara qarşı zorakılıq, gender münasibətlərinin pozulması iqtisadiyyata, Ümumi Daxili Məhsula 2 faiz zərər vurur
Sputnik

BAKI, 23 may — Sputnik. "Qadınlara qarşı zorakılıq, gender münasibətlərinin pozulması iqtisadiyyata, Ümumi Daxili Məhsula 2 faiz zərər vurur. Bəzən qız qaçırtma kimi "ənənə"lər zorakılıq kimi qəbul edilmir. Təəssüflər olsun ki, qadınlara qarşı zorakılığın cəmiyyətə vurduğu iqtisadi zərərlər bu günədək öyrənilməyib". 

Zorakılıq qurbanı olanlar üçün regional sığınacaqlar yaradıla bilər
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün "Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, qadınlara qarşı zorakılıq uşaqların yaxşı təhsil almamasına, onların yeniyetmə yaşlarda zorakılığa meylli olmasına, boşanmalara səbəb olur. 

BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai isə konfransdakı çıxışı zamanı qeyd edib ki, 2008-ci ildə Azərbaycanda keçirilən gender əsaslı zorakılıq üzrə ilk tədqiqatın nəticələrinə əsasən, qadınların 15 faizi həyatlarının müəyyən məqamlarında cinsi partnyorunun fiziki zorakılığına məruz qalıb. 2016-cı ildə aparılmış "Kişilərin gender bərabərliyinə münasibətinə dair tədqiqat"a görə, bu rəqəmlərdə artım müşahidə edilir. Kişilərin 32.5 faizi zorakılıq törətməsi, qadınların isə 32.1 faizi zorakılığa məruz qaldıqları barədə məlumat veriblər.

BMT-nin nümayəndəsi, həmçinin vurğulayıb ki, bu gün dünyada hər 3 qadından 1-i zorakılığa məruz qalır. Bu isə bütün dünyada 1 milyard qadının zorakılıq qurbanı olması deməkdir.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev isə qadınlara qarşı zorakılığın onlar dünyaya gəlməzdən öncə başladığını deyib: "Bir çox hallarda bu zorakılıq halları ən təhlükəsiz mühit hesab edilən ailədən başlayır. Qadınlara qarşı zorakılıqlar ailədə, cəmiyyətdə, işdə də özünü göstərir. Qadının zorakılığa məruz qalması iqtisadi itkidir. Belə olan halda o, tibbi müayinədən keçmək üçün vəsait xərcləməli, əgər işləyirsə, bir müddət o mühitdən uzaqlaşmalı olur. Bu isə onun üçün kifayət qədər maddi itkidir".

O əlavə edib ki, qadına qarşı zorakılığın aradan qaldırılması həm də sadalanan xərclərdən azad olmaq deməkdir.