CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gömrük rüsumları azaldılmasa, ölkə "metallomluq" maşınlarla dolacaq

Ekspert: "Şirkətlər köhnə avtomobilləri kasko sığorta etmək istəmir".
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 22 may — Sputnik. Son zamanlar Bakı küçələrində Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin sayı kəskin şəkildə artıb. Avtomobillərin əksəriyyəti də köhnə, demək olar ki, istifadəyə yararsız vəziyyətdədir. Maraqlıdır ki, nə baş verir, hansı səbəbdən ölkəmizə belə maşınlar gətirilir?

Niderlandda benzin və dizellə işləyən avtomobillər ləğv ediləcək

Yol-nəqliyyat ekspertləri Sputnik Azərbaycan-a açıqlamalarında bu məsələlərə aydınlıq gətiriblər.

Yol-nəqliyyat eksperti Tural Yusifov bildirib ki, buna səbəb ölkədə satılan yeni avtomobillərin vətəndaşlar üçün əlçatan olmamasıdır: "Yeni avtomobil almaq üçün vətəndaş 50 faiz ilkin ödəniş eləməlidir. İkincisi, aksiz rüsumunun artırılması da vətəndaşlar üçün maşın almağı əlçatmaz edir. Məsələn, vətəndaş 10 min manatlıq maşın alırlarsa, 10 min manat da gömrükdə rüsum ödəməli olur. Bu da heç kimə sərf etmir. Vətəndaş işlənmiş avtomobilə niyə 20 min manat verməlidir?! Ona görə də gedib Gürcüstandan 10 min manata etibarnamə ilə avtomobil alırlar. Hər 3 aydan bir ölkədən çıxış edib, geri qayıdırlar və Azərbaycanda rahat şəkildə maşını sürürlər".

T.Yusifovun fikrincə, vergini qaldırmaq vətəndaşların vergi ödəməsi üçün stimul demək deyil: "Bunun çıxış yolu gömrük vergilərini azaltmaqdır. Hibrid avtomobillər üçün aksiz vergi 50 faiz endirilməlidir. Qaz avtomobilləri üçün vergi yığışdırılmalıdır. Yeni avtomobillər, mühərriki 2500 kubmetr olanlar üçün aksiz marka olmamalıdır. 2500 kubmetrdən yuxarı avtomobillərə aksiz marka tətbiq edilə bilər. Bir sözlə, gömrük rüsumlarına yenidən baxılmalıdır. Əks halda problemlər daha da çoxalacaq, Azərbaycan "metallomluq" maşınlarla dolacaq".

Gömrük rüsumları azaldılmasa, ölkə "metallomluq" maşınlarla dolacaq

O, dünya təcrübəsindən də xatırlatma edib: "Məsələn, Çində elektrik avtomobillərinə pulsuz nömrə nişanı verilir. Norveçdə elektrik avtomobilləri avtobus yollarından istifadə edir, onlar üçün parkinq pulsuzdur. Bizdə də hibrid avtomobilləri üçün aksizin yığışdırılması yaxşı olardı".

Ekspert onu da vurğulayıb ki, gömrük rüsumları bir neçə markanın bazarına da ciddi təsir göstərib: "İndi dillerlər avtomobil sata bilmir. Çünki vətəndaşlar Gürcüstandan işlənmiş avtomobil gətirirlər. İkinci əl bazar da yaxşı işləmir. Çünki əldə olan pulla Bakıda maşın almaq çətin olur, hamı çalışır ki, maşınını baha satsın. Kasko sığorta şirkətləri də ziyandadır. Şirkətlər köhnə avtomobilləri kasko sığorta etmək istəmir".

Yol-nəqliyyat eksperti Elməddin Muradlı da düşünür ki, bu xoşagəlməz vəziyyətin qarşısını almaq üçün xaricdən gətirilən avtomobillərə tətbiq edilən gömrük rüsumları azaldılmalıdır: "İnsanlar məcburən bu cür yollara əl atırlar. Gürcüstan avtomobil sektorunda bizdən qat-qat irəlidir. Gürcüstanda 6 min manata satılan maşın Azərbaycanda 12-13 minə satılır. Qonşu ölkə ilə nə kimi fərqlər var ki, bu qədər baha qiymətə bizdə avtomobil satılır? Ona görə də insanlar risk edərək tanımadığı gürcü vətəndaşının adına maşın alırlar. Sabah o vətəndaş istəyərsə, avtomobili geri ala bilər. Və ya həmin şəxs ölsə və ailə üzvləri yeni etibarnamə verməsə, vətəndaş avtomobilini itirmiş olacaq".

Elməddin Muradlı da hesab edir ki, Azərbaycanda köhnə avtomobillərdən qurtulmaq istəyiriksə, gömrük rüsumları azaldılmaldır. Əks halda vəziyyət heç də yaxşı olmayacaq.