Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 21 may — Sputnik. Bu gün Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfirliyində "Tramp, Venesuelaya qarşı blokadanı aradan qaldır!" şüsrı altında Venesuela xalqına beynəlxalq dəstək kampaniyası çərçivəsində tədbir keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Venesuelanın Azərbaycandakı səfiri Kristofer Berroteran ölkəsindəki son durum barədə jurnalistləri məlumatlandırıb.
Səfirin sözlərinə görə, Venesuela prezidenti Nikolas Maduro dəfələrlə bəyan edib ki, o, ölkə daxilində böhranı ilk növbədə danışıqlar, dialoq olmaqla istənilən yolla aradan qaldırmağa hazırdır: "Venesuelanın təbii sərvətlərinə, neftdən gələn gəlirlərinə nəzarəti ələ keçirmək üçün hazırda tarixi mübarizə gedir. Bunun nəticəsində ölkəmizdə böhran yaşanır. Venesuela ABŞ tərəfindən planlaşdırılan və həyata keçirilən iqtisadi və maliyyə blokadasının qurbanıdır. Söhbət ABŞ elitasının Venesuela xalqına, onun siyasi və mədəni modelinə qarşı razılaşmasından gedir. Blokadanın məqsədi Uqo Çaves tərəfindən yaradılan və əhalinin vəziyyətini yaxşılaşdırmaq və ölkənin vətəndaşlarının ehtiyaclarını qarşılamaq üçün gəlirlərin bərabər şəkildə bölüşdürülməsinə yönləndirilmiş Venesuela sosial modelini dağıtmaqdır".
Səfir Kristofer Berroteran qeyd edib ki, hazırda Venesuelanın 5 milyard 470 milyon dollar məbləğində vəsaiti xarici banklar tərəfindən dondurulub və ya müsadirə olunub: "2017-ci ilin oktyabr ayında İsveçrənin UBS bankı Venesuela üçün peyvəndlərin alınmasına ayrılmış vəsaitləri blokladı. Nəticədə peyvənd proqramı 4 ay gecikdi. 2017-ci ildə beynəlxalq maliyyə institutları ölkəmizə dializ dərmanların alınması üçün nəzərdə tutulmuş 9 milyon dolları blokladı. Bu, 15 min hemodializ xəstəsinin müalicəsinə mənfi təsir göstərdi. 2017-2018-ci illərdə Avropa və ABŞ bankları Venesuela hökumətinin, ümumilikdə 300 milyon dollar məbləğində ərzaq alınması üçün nəzərdə tutulmuş maliyyə əməliyyatlarının qarşısını aldılar".
Venesuelalı diplomat vurğulayıb ki, ABŞ tərəfindən tətbiq edilən sanksiyalar Venesuela xalqının insan hüquqlarının sistematik və qərəzli şəkildə pozulmasıdır və BMT tərəfindən insanlığa qarşı törədilmiş cinayətlər kimi müəyyənləşdirilib.