CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəmi 6 kvadrat metrlik köşkdə həyat uğrunda mübarizə...

Onun çox böyük arzusu yoxdur - normal insan kimi yaşaya biləcəyi bircə otağa sahib olmaq
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. O, 5 ildən artıqdır ki, 6 metr kvadrat metrdən böyük olmayan köşkdə həm işləyir, həm də yaşayır. 39 yaşının olmasına baxmayaraq, ağır güzəran onu yaşından 10-15 il böyük göstərir.

Cəmi 6 kvadrat metrlik köşkdə həyat uğrunda mübarizə...

Mingəçevirdən olan pinəçi Ramil Musayev gündəlik dolanışığını sənəti ilə çıxara bilsə də, bu, onun bir sığınacaq tapıb yaşamasına yetəcək qədər deyil. Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində R.Musayev imkansızlıqdan başına bir çox işlərin gəldiyini, bu vəziyyətə düşdüyünü deyir.

"Əvvəl ailəli olmuşam, 1 qız övladım vardı. Sonra işin zəifliyi, imkansızlıq səbəbindən yoldaşım məni tərk etdi. Məhkəmə yaşadığım evin bir hissəsini keçmiş yoldaşıma verdi. O da evin qapısını bağlayıb getdi. Digər otaqlarda isə anam və qardaşım öz ailəsi ilə yaşayırdı. Ondan sonra mən də evdən çıxmağa məcbur oldum. İşlədiyim köşkə pənah gətirdim, bir qədər böyüdüb başladım burada yaşamağa" - o danışır.

Dediyinə görə, pinəçiliklə və ətrafdakı insanların köməyi ilə burada yaşayır, yaxınlıqda yerləşən yataqxananın sanitar qovşağından istifadə edir: "Sağ olsun camaat, çox əlimdən tutur. Ətrafdakı dükanların sahibləri kömək edirlər. Yeri düşəndə nisyə ərzaq götürürəm, heç biri etiraz eləmir. Bayram, ad günü olanda sakinlər isti yemək göndərirlər".

Cəmi 6 kvadrat metrlik köşkdə həyat uğrunda mübarizə...

Pinəçinin qış aylarında işi yaxşı getsə də, məskunlaşdığı köşk çox soyuq olur: "İçəriyə odun peçi qoymuşam, ağacların quruyan budaqlarını qırıb yandırıram ki, soyuqdan qoruna bilim".

Heç vaxt pis vərdişlərin aludəçisi olmadığını deyən R.Musayevi çətin şərait vaxtından tez qocaldıb: "Neçə ildir bu soyuqda yatıram. Böyrəklərim sıradan çıxıb. Eşidənlərdən heç kim 39 yaşım olduğuna inanmır, indidən qocalmışam..."

İddia etdiyinə görə, ətrafdakı yataqxanada yaşamaq üçün bir otaq istəyib, lakin ondan otaq müqabilində ödəyə bilməyəcəyi məbləğ istənilib: "Yaxınlıqda bir neçə korpusdan ibarət yataqxana var. Əvvəllər məcburi köçkünlər yerləşmişdi. Onlar mənzillə təmin edilib köçürüldükdən sonra MİS-dən bir otaq istədim yaşamağa. Ancaq əvvəlki müdir məndən bir otağa görə 1000 manat istədi. Çörək pulumu güc-bəlayla çıxarıram, min manatı haradan tapa bilərdim".

"İndi bu balaca otağımda televizordan, radiodan uzaq yaşayıram. Köşkün arxasında kiçik bir yer düzəldib göyərçinlər saxlayıram. Meylimi onlara salmışam. Yuxum gəlməyəndə gecə saat ikiyə, üçə kimi onlarla başımı qatıram, dərdləşirəm" - deyir Ramil Musayev.

Onun ən böyük istəyi işığı, suyu olan bir yerdə, normal insanlar kimi yaşaya biləcəyi bircə otağa sahib olmaqdır...