Vətəndaşları narazı salan problemin həllinə başlanıb

İşlərin sonuncu mərhələsində küçələr boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfiqi nişanlanma xətləri çəkiləcək
Sputnik

BAKI, 20 may — Sputnik. Xətai rayonu Səməd bəy Mehmandarov küçəsi yenidən qurulur. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. 

Bakının vacib yollarından biri təmir edildi

Qeyd edilib ki, küçənin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması vətəndaşların haqlı narazılığına səbəb olurdu. Çünki küçə boyu yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Sadalanan problemlərin aradan qaldırlması istiqamətində AAYDA tərəfindən uzunluğu 3.2 km, eni isə 20 metr olan Səməd bəy Mehmandarov küçəsində aparılan yenidənqurma və bərpa işləri uğurla davam etdirilir.

Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə deformasiyaya uğramış hissələr qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib, hamarlayıcı qat asfalt-beton örtüyü döşənib.

Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də yenidən bərpa olunub, küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri bərpa olunaraq kənarlarına yeni səki daşları düzülüb.

Artıq yolun asfaltlanması işlərinə də başlanılıb ki, bu çərçivədə küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri, ümumilikdə 65 min kv.m sahəni əhatə edəcək.

Səməd bəy Mehmandarov küçəsində istiqamətləri ayırmaq məqsədilə eni 1 metr olan ayırıcı zolaq inşa olunub, kənarlarına səki daşları, üzərinə isə tamet daşları üzülüb. Daha sonra sutkanın qaranlıq saatlarında küçəni işıqlandırmaq üçün ayırıcı zolaq boyu yeni işıqlandırma sistemi qurulacaq.

İşlərin sonuncu mərhələsində küçələr boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfiqi nişanlanma xətləri çəkiləcək.