BAKI, 20 may — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gecə saat 00:00-dan səhər saat 06:00-dək Bakı-Sumqayıt şossesinin Xırdalan dairəsindən Beynəlxalq Avtovağzal Kompleksi qarşısınadək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, rənglənmə işləri zamanı hərəkət hissə-hissə məhdudlaşdırılacaq.
Bu səbəbdən sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur.