"WikiLeaks"in xəbərçisi həbs edildi

Sorğu-sual zamanı etiraf edib ki, amerikalıların hava zərbələri haqqında video görüntüləri "WikiLeaks"ə o ötürüb
Sputnik

BAKI, 17 may — Sputnik. ABŞ ordusunun keçmiş hərbçisi Çelsi Menninq "WikiLeaks" saytına qarşı ifadə verməkdən imtina etdiyi üçün yenidən dəmir barmaqlıqlar arxasına düşüb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, əsl adı Bredli Menninq olan bu şəxs haqqında ilk dəfə 10 il əvvəl müxtəlif məlumatlar yayımlanmışdı. Menninq kişi idi. O, sonradan həbsxanada cinsini dəyişdirir və Çelsi adını götürür.

Keçmiş hərbçi İraqda analitik vəzifəsində çalışırdı və Pentaqonun əməliyyatlar haqqında gizli sənədlərinə girişi vardı. Sorğu-sual zamanı etiraf edib ki, amerikalıların hava zərbələri haqqında video görüntüləri "WikiLeaks"ə o ötürüb. Bu zərbələr mülki şəxslərin ölümünə səbəb olub.

"WikiLeaks"in yaradıcısı Culian Asanc isə Menninqlə tərəfdaşlıqda ittiham edilir. Jurnalisti 7 il Ekvador səfirliyində yaşadıqdan sonra Londonda həbs ediblər. Hazırda Vaşinqtonq onun ekstradisiyasına çalışır.