CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəyə giriş-çıxış qaydalarına dəyişiklik edilir

Azərbaycanda çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün rüsum yeni qaydada tətbiq olunacaq
Sputnik

BAKI, 17 may-Sputnik. Azərbaycanda xarici ölkə vətəndaşlarına çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum yeni qaydada tətbiq olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyə baxılıb.

"ASAN Viza" vasitəsi ilə hava limanlarında viza alan turistlərin sayı bilindi

Dəyişikliyə əsasən, qanuna 17.8-ci maddə əlavə edilib. Həmin əlavəyə görə, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu Qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq edilir.

Qeyd edək ki, çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları məbləğində müəyyən edilib. Miqrasiya Məcəlləsinə görə, çoxdəfəlik viza əsasında giriş-çıxış müddəti 2 ilədək (“ASAN Viza” sistemi vasitəsilə elektron qaydada verilən çoxdəfəlik vizada isə 90 günədək) müəyyən edilib.

Bildirilib ki, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği müəyyən edilən məbləğdən (350 ABŞ dolları) fərqli (az və ya çox) ola bilər. Təklif olunan qanun layihəsinə görə, belə fərq olduqda çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq edilən rüsumun səviyyəsində müəyyən ediləcək.

Dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.