BAKI, 17 may — Sputnik. Bakıda baş verən ağır yol nəqliyyat hadisəsi təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb.
Sputnik AzərbaycanAvtosfer-ə istinadən xəbər verir ki, yol kənarında dayanan avtobusa arxadan zibil daşıyan maşın çırpılır. Hadisə nəticəsində bir neçə sərnişin xəsarət alıb. Qəzanın baş vermə səbəbləri dəqiq açıqlanmasa da görüntülərdən aydın olur ki, zibil maşınının sürücüsü səhlənkar davranır.
Videodan görünür ki, avtobusla zibil maşını arasında xeyli məsafə var. Lakin zibil maşınının sürücüsü nə sürəti azaldır, nə də zolağı dəyişib hərəkətini davam etdirir. Ehtimal etmək olar ki, o, sükan arxasında ya yuxulayıb, ya da başı nəyəsə qarışıb. Ancaq hadisə səhər saatlarında baş verdiyi üçün sürücünün yuxulu olma ehtimalı daha yüksəkdir.
Qeyd edək ki, DYP əməkdaşlarının sayıqlığı nəticəsində səhər saatlarında sükan arxasına içkili vəziyyətdə oturan bir neçə sürücü aşkarlanıb. Onlar zibil maşını sürdüklərini və yol polisi tərəfindən saxlanmayacaqlarını güman edirlər. Xüsusilə qış aylarında bu hal geniş yayılıb. Yol polisi hər səhər, təxminən saat 5-6 radələrində bu sürücüləri nəzarətdə saxlayır. Bununla belə, təəssüf ki, bu cür hallar yenə baş verir. Hətta zibil daşıyan avtomobillərin texniki cəhətdən nasaz olduğu müşahidə olunur.
Ümid edirik ki, aidiyyəti qurumlar olan Bakı və rayon icra hakimiyyətləri buna ciddi nəzarət edəcək. Bu maşınları idarə edən sürücülər tibbi müayinədən keçiriləcək. Həmçinin avtomobillər texniki baxışdan keçdikdən sonra xəttə buraxılacaq.
Görüntüləri təqdim edirik: