BAKI, 17 may - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişikliyə baxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, qanuna 295.6-cı və 295.7-ci maddələr əlavə edilir.
Əlavəyə görə, daşıyıcılar tərəfindən Azərbaycan ərazisinə enəcək və Azərbaycan ərazisini tərk edəcək hava gəmisinin sərnişinlərinə dair "Aviasiya haqqında" Qanunda nəzərdə tutulmuş məlumatların biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə ediləcəklər.
Daşıyıcılar tərəfindən Azərbaycan ərazisinə enəcək və Azərbaycan ərazisini tərk edəcək hava gəmisi ekipajının hər bir üzvünün vəzifəsi və ona dair "Aviasiya haqqında" Qanunda nəzərdə tutulmuş məlumatların hava gəmisinin yola düşməsinə ən geci 24 saat qalmış, habelə hava gəmisinin ekipajının tərkibi dəyişdikdə, həmin məlumatlar dəyişiklik edildikdən dərhal sonra, lakin hər bir halda hava gəmisi yola düşənədək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə ediləcəklər.
İnzibati Xətalar Məcəlləsinin 295.6-cı və 295.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyət müvafiq icra hakimiyyəti orqanının Azərbaycan ərazisinə enəcək və Azərbaycan ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi ilə bağlı müəyyən etdiyi qayda qüvvəyə mindikdən sonra yaranacaq.
Dəyişiklik səsə qoyularaq qəbul edilib.