CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülər həmkarlarına qarşı mübarizəyə çağırılır: Onların əməllərinə göz yummayın

"Küçələri zibilləyən sürücüləri, ancaq onların görüntüsünü çəkən sürücülər ifşa edə bilər"
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Tez-tez zibili avtomobilin pəncərəsindən yola atan sürücülərlə qarşılaşırıq. Çəkdiyi siqaretin kötüyünü, içdiyi enerji içkisinin qabını, yediyi yeməyin artığını pəncərədən küçəyə atan sürücülərin sayı kifayət qədərdir. 

Sürücülərə xəbərdarlıq olunur

Qanunla belə sürücülər qayda pozmuş hesab edilsə də, onlar çox nadir hallarda cərimə edilir. Səbəb isə çox sadədir: bu qayda pozuntusunu sübut edən mexanizm yoxdur. Yəni küçələri zibilləyən sürücüləri ancaq onların görüntüsünü çəkə bilən sürücülər ifşa edə bilər.

Nəqliyyat eksperti Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nəqliyyat vasitəsindən yola hər hansı bir əşyanın atılması inzibati xəta tərkibi yaradır: "Bu xəta sürücü tərəfindən törədildikdə 40 manat, sərnişin tərəfindən törədildikdə isə 30 manat cərimə ilə nəticələnə bilər. Ancaq təəssüflər olsun ki, bununla bağlı mexanizm qarışıqdır. Bu xətanı dərhal aşkarlamaq, qeydə almaq asan deyil".

Ekspertin sözlərinə görə, bu xətanın protokollaşdırılması üçün bunu yol polisi açıq şəkildə, vizual olaraq görməlidir: "Əgər sürücü etiraz etsə ki, bunu o yox, sərnişin atıb, o zaman protokol sərnişinə tətbiq edilməlidir. Amma reallıq budur ki, sürücü və sərnişinlər haradasa polis görəndə daha diqqətli olurlar".

"Yaxşı haldır ki, sürücülər özləri bununla mübarizə aparırlar. Bu prosesi əks etdirən videolar, fotolar çəkilir. DYP də bu kimi hallara qarşı laqeyd davranmır. Sosial şəbəkələrdə, KİV-də belə məlumatlar gedən kimi dərhal tədbir görülür" - Muradlı vurğulayıb.

"Təkrar edirəm ki, cəzanın tətbiqetmə mexanizmi qarışıqdır. Kameralar bu vəziyyəti qeydə almır. Məsələn, kiçik bir siqaret kötüyünü atanda görmək mümkün olmur. Ancaq digər əşyalar atıldığı zaman aşkarlana bilər" - deyə o əlavə edib. 

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edir

Hüquqşünas Fərid Həmidli də Sputnik Azərbaycan-a şərhində diqqətə çatdırıb ki, avtomobil yollarının çirklənməsi İnzibati Xətalar Məcəlləsində (İXM) sərnişinlər və sürücülər üçün müxtəlif maddələrlə tənzimlənir: "Məcəllənin 338.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına görə, sərnişinlər 30 manat məbləğində cərimə edilir. Sürücülər haqqında isə 327.1-ci maddə ilə protokol tərtib edilir".

"Sürücü nəqliyyat vasitəsindən kənara hər hansı əşya atdığına görə 40 manat məbləğində cərimə edilir. Avtomobillərdən yola hər hansı bir əşyanın atılması halları tez-tez baş versə də, bu, polis əməkdaşlarının gözü qarşısında baş vermir" - o bildirib.

Müsahibimizin fikrincə, digər sürücülər özləri könüllü şəkildə bununla mübarizə aparmalıdırlar: "Demək olar ki, bütün avtomobillərdə video qeydiyyat cizahı var. Belə hallarla qarşılaşdığınız zaman çəkin, ictimailəşdirin".

"Hər hansı bir avtomobildən atılan zibil, siqaret kötüyü, su şüşəsi, enerji içkilərinin qabları həm avtomobil yollarını sıradan çıxarır, həm də küçələri süpürən işçilər üçün problem yaradır. Eyni zamanda, anidən atılan zibil arxadan gələn avtomobil şüşəsinə, təkərinə zərər verə bilər. Bu da qəzaya səbəb olar" - deyə ekspert vurğulayıb.

Həmidli, həmçinin əlavə edib ki, bu kimi hallar elektron şəkildə protokollaşdırılır: "Bu kimi qayda pozuntularını istər stasionar nəzarət kameraları - "Təhlükəsiz şəhər" kameraları, istərsə də "İ-Patrul" sistemi ilə təchiz edilmiş DYP avtomobillərinin kameraları qeydə ala bilər. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində avtomatik olaraq elektron protokollar tərtib oluna bilər".