"Əkrəm İmamoğlunun adını çəkmək qadağan edilib"

"Seçki dönəmində xəbərlərdə CHP-nin namizədi yazılacaq, amma Əkrəm İmamoğlunun adını çəkməyəcəklər"
Sputnik

BAKI, 16 may — Sputnik. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxın mətbuat orqanlarına Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul üzrə bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlunun adını çəkməmək təlimatı verildiyi iddia edilir. 

İstanbulda vəziyyət gərginləşdi: YSK yeni seçki tələbini rədd etdi

Sputnik Azərbaycan "Haber3"-ə istinadla xəbər verir ki, bu iddianı CHP-nin sabiq millət vəkili Barış Yarkadaş ortaya atıb. Sabiq millət vəkili sosial şəbəkədəki profilində yazıb: "AKP tərəfdarı olan mediaya "Əkrəm İmamoğlunun adını çəkməyin" təlimatı verilib. Seçki dönəmində xəbərlərdə CHP-nin namizədi yazılacaq, amma Əkrəm İmamoğlunun adını çəkməyəcəklər. Beləcə onun tanınmasının qarşısını alacaqlar".

Xatırladaq ki, cari il martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda mübarizədə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırıma qalib gəlib.

Lakin Yüksək Seçki Komissiyası (YSK) seçkinin nəticələri ləğv edib və təkrar seçkilərin keçirilməsinə qərar verilib. Qərarın lehinə komissiyanın 11 üzvündən 7-si səs verib. Digər 4 nümayəndə isə buna qarşı çıxıb. Təkrar seçkilər iyun ayının 23-də keçiriləcək.