BAKI, 16 may — Sputnik. Son 30 ildə müharibə, işğal və terrorla məhv edilmiş İraq ABŞ-İran münaqişəsində də cəbhəyə çevrilir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ Suriyanın Deyr əz-Zor əyalətində İran hərbçilərini daşıyan avtomobil karvanın vurub, ardından isə İraqdakı vətəndaşlarına "İraqı tərk edin" çağırışı edib.
İran isə İraqdakı "Haşdi Şabi" silahlı qruplaşmasına ABŞ hərbçilərinin olduğu yerlərə hücum üçün hazır olmaq təlimatı verib.
Baş verənləri şərh edən iraqlı general Qalib Salih bunu "müharibə hazırlığı" kimi dəyərləndirib. O, ABŞ ilə İran arasında ilk qarşıdurmaların Suriya və İraqda yaşanacağını söyləyib.
"Haşdi Şabi" silahlı qruplaşmasının komandiri Rıdvan əl-Qanimi İraqda olan bütün ABŞ bazalarını vurmaq gücündə olduqlarını, bunun üçün 130 min əsgərinin hazır vəziyyətdə əmr gözlədiyini bildirib.
İranlı fəal Elyar Makuyi isə İranın Ahvaz, Kirmanşah, Təbriz və Kürdüstan bölgələrində 3 xüsusi təlim düşərgəsi qurduğunu, 20 mindən çox milisə təlim keçərək İraq və Suriyaya göndərdiyini yazıb.
Bu arada, ABŞ Bağdaddakı səfirliyinin və Ərbildəki konsulluğunun diplomatik heyətini İraqdan çıxarır. Bölgədə vəziyyət gərginləşdiyi üçün Almaniya da İraqda hərbçilərin hazırlığı ilə bağlı fəaliyyətini dayandırıb. İraqda 160 Almaniya hərbçisi var. ABŞ və Almaniyanın ardından Niderland da İraqda hərbi fəaliyyətini dayandırıb.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani ötən həftə İranla "altılıq" ölkələri arasındakı anlaşmadan danışıb. O bildirib ki, nüvə müqaviləsində iştirak edən tərəflər 60 gün ərzində neft və bankçılıq ilə bağlı öhdəliklərini yerinə yetirməsə, İran yenidən uran zənginləşdirilməsinə başlayacaq.
İranın bu addımından sonra Avropa ölkələri narahat olduqlarını açıqlayıb.
İran və "altılıq" ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında razılaşma müqaviləsi 2015-ci il iyulun 15-də imzalanıb. 2018-ci il mayın 8-də ABŞ İranın nüvə proqramı üzrə müqavilədən çıxıb. Bununla bağlı qərarı Prezident Donald Tramp imzalayıb. ABŞ İranla yeni saziş bağlanmayana qədər bu ölkəyə qarşı sanksiya tətbiq edəcəyini bildirib.
Xatırladaq ki, ABŞ İrandan gələn təhdidlərə qarşı tədbir məqsədi ilə "USS Abraham Linkoln" təyyarə gəmisi ilə 4 nüvə tutumlu "B-52" bombardımançı təyyarələrini Fars körfəzinə göndərib.