CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alman əsirin Mingəçevir xatirələri 21 ildir muzeydə öz tərcüməçisini gözləyir

Mingəçeviri tikən alman əsirlərdən birinin kitabı 21 ildir muzeydə yatır...
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Mingəçevir şəhər Tarix Muzeyində 21 ildir saxlanılan 108 səhifəlik (şəkilli əlavələrilə birgə 180 səh.) kitabın tərcüməyə ehtiyacı var. Muzey rəhbərliyinin fikrincə, sözügedən əsər Azərbaycan-Almaniya münasibətlərinin inkişafı, eləcə də xalqımızın multikultural dəyərlərinin təbliği baxımından qiymətli eksponatdır.

Muzeyin direktoru Nofər Məmmədəliyevin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, bu kitab II Dünya Müharibəsinin gedişində əsir düşmüş alman Villi Deş tərəfindən yazılıb. 1945-1950-ci illər aralığında Mingəçevir şəhərinin salınmasına cəlb edilmiş 10 min alman əsirindən biri olan Villi Deş burada olduğu 5 il müddətində yaşadıqlarını, gördüklərini qələmə alıb. 1950-ci ildə əsirlər Almaniyaya qaytarıldıqdan 48 il sonra o, 5 keçmiş düşərgə yoldaşıyla yenidən Azərbaycana dönüb. Əsirlik vaxtı gördüyü, tikitisində çalışdığı yerləri bu dəfə turist kimi gəzib. Almaniyaya dönməmişdən isə yazdığı gündəliyin surətini Mingəçevir muzeyinə bağışlayıb.

Alman əsirin Mingəçevir xatirələri 21 ildir muzeydə öz tərcüməçisini gözləyir

N.Məmmədəliyev alman dili müəllimi vasitəsilə yazılanlar haqda ümumi məlumata sahib olduqdan sonra bu kitabın tərcüməsinin vacibliyini fikirləşib. Lakin 21 il keçsə də, bu kitabı tərcümə etdirmək mümkün olmayıb. O, kitabda xalqımızın humanizmi, multikultural dəyərləri haqqında çox qiymətli məlumatlar olduğunu söyləyib.

"Fikirləşdim ki, müəllif müharibədə düşmən tərəfi təmsil edib, bəlkə bizə söyüb, ya da pis şeylər yazıb. Ona görə də şəhər məktəblərinin birində işləyən alman dili müəllimindən xahiş etdik ki, o kitabdan müəyyən hissələri oxuyaraq bizə məlumat versin. Gündəliyində Villi Deş Azərbaycanda alman əsirlərinə olan münasibətin dünyanın heç bir yerində olmadığını, yerli əhalinin əsirlərə daim kömək etdiyini yazıb. Müəllif qeyd edib ki, burada yaşayanların hər birinin ailəsindən kimisə öldürmüş ola bilməmizə baxmayaraq, bizə elə münasibət göstərirdilər ki, biz utanırdıq. Yazıb ki, əhali bizə corab, əlcək, hətta isti yeməklər verirdi" - deyə həmsöhbətimiz bildirib.

Muzeyin direktorunun sözlərinə görə, müəllif kitabında bu münasibətin əvəzi olaraq işlərini ürəklə gördüklərini, sanki bir borc ödədiklərini qeyd edib. "Bəlkə də bu səbəbdəndir ki, Kür çayı üzərində almanlar tərəfindən tikilmiş dəmiryolu körpüsünün 70-dən çox yaşı olmasına baxmayaraq, üzərində heç 10 manatlıq təmir işi aparılmayıb" - deyə direktor vurğulayıb.

Erməni əsirliyindən qurtulan hərbçi: "İlk 10 gün ağlasığmaz işgəncələr verirlər"

N.Məmmədəliyev bu əsərin tərcüməsinin Azərbaycan-Almaniya münasibətlərinə töhfə verəcəyini düşünür.

"Cənab prezidentin sərəncamıyla 2016-cı il multikulturalizm ili elan olundu. Kitabda multikultural dəyərlərimiz haqda çox qiymətli məlumatlar olduğundan, onun tərcüməsi üçün elə həmin il Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə müraciət etdim. Məndən kitabın bir nüsxəsini onlara göndərməyimi istədilər. 6 ay sonra əlaqə saxlayıb kitabın tərcüməsilə maraqlandım. Kitabın üzərində iş getdiyini və tezliklə hazır olacağını bildirdilər. Əfsus ki, üzərindən 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, tərcümədən heç bir xəbər yoxdur" - deyə həmsöhbətimiz bildirib.

Bununla belə, muzey direktoru kitabın tərcümə olunaraq çap etdiriləcəyinə ümidini itirməyib.

"O gündəlikdə təkcə Villi Deşin yox, eyni zamanda 10 min alman əsirinin, onların timsalında bütün almanların fikri öz əksini tapıb. Buna görə onun həm Azərbaycan, həm də digər dillərə tərcümə edilərək dünyaya yayılması olduqca vacibdir" - deyə muzeyin direktoru əlavə edib.