BAKI, 14 may — Sputnik. Prezident İlham Əliyev akademik Vladimir Volobuyevin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
"2019-cu ilin iyul ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kənd təsərrüfatı elmləri doktoru, professor Vladimir Rodionoviç Volobuyevin anadan olmasının 110 illiyi tamam olur.
Akademik Vladimir Volobuyev torpaqların meliorasiyası, geomorfoloji xəritələrin tərtibi, torpaqla iqlimin qarşılıqlı əlaqəsi və torpaq ekologiyasına dair böyük nəzəri-təcrübi əhəmiyyətə malik sanballı araşdırmalarının nəticələri kimi müəyyən etdiyi prinsip və apardığı hesablamalarla, irəli sürdüyü nəzəriyyə və işləyib hazırladığı təsnifatlarla Azərbaycanda torpaqşünaslığın inkişafına böyük töhfələr verib. Onun rəhbərliyi altında yetişən yüksək ixtisaslı kadrlar tərəfindən respublikada torpaqşünaslıq üzrə çox sayda əsaslı tədqiqat işləri uğurla yerinə yetirilib.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan torpaqşünaslıq elminin inkişafında xüsusi xidmətlərini nəzərə alaraq görkəmli alim Vladimir Rodionoviç Volobuyevin anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Vladimir Rodionoviç Volobuyevin 110 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".