HADİSƏ

Başabəla "təbiət vurğunu"nun fırıldağı üzə çıxıb

Sumqayıtda güllərə su verdiyini iddia edən şəxsin çətənə əkdiyi məlum olub
Sputnik

BAKI, 14 may - Sputnik. Sumqayıtda çətənə kolları əkən şəxs tutulub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) 2-ci Polis Bölməsinə Sumqayıtçay ərazisinin yaxınlığında, çəpərlənmiş sahənin kənarında bir nəfərin narkotik xassəli bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub. Bununla əlaqədar bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həqiqətən qeyd edilən ərazidə aqrotexniki qaydada qulluq edilən çətənə kollarının əkildiyi öz təsdiqini tapıb. 

Ölkədə narkomanların sayı artıb – RƏSMİ
Artıq sonrakı tədbirlər cinayət yoluna qədəm qoyan həmin şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində davam etdirilib. Həmin ərazi nəzarətə götürülüb, narkotərkibli bitkiləri əkərək mütəmadi olaraq ona qulluq göstərənin yaxalanması istiqamətində polis əməkdaşları tərəfindən zəruri əməliyyat tədbirləri görülüb.

Ehtimal edilən bir şəxsin günorta vaxtı çətənə kollarına qulluq etməyə, onları suladığı vaxt polis əməkdaşları onu saxlayıb. O, guya əkdiyi güllərə su verdiyini iddia edib. 2-ci Polis Bölməsinə gətirilən bu şəxsin Sumqayıt şəhər sakini Z.Cəfərov olduğu müəyyənləşdirilib. İlkin araşdırma zamanı saxlanılan şəxs çətənə kollarını özünün narkotik vasitələrə olan tələbatını ödəmək məqsədilə əkdiyini bildirib. Z.Cəfərov maddi sübut kimi götürülmüş 8 ədəd çətənə kolu ilə birlikdə istintaq orqanına təhvil verilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.