CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyanın Xalq artisti: "Polad Bülbüloğlu ürəyimi fəth elədi"

Azərbaycanın xalq artisti, səfir Polad Bülbüloğlu Azərbaycanın gəlini olan opera müğənnisi üçün mahnı oxuyub.
Sputnik

BAKI, 14 may — Sputnik. Azərbaycanın Xalq artisti, AR-nın RF-dakı səfiri Polad Bülbüloğlu Bakıda Rusiyanın Xalq artisti Anna Netrebko üçün özünün "Gəl, ey səhər" mahnısını oxuyub və onu rəqsə dəvət edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Netrebko Polad Bülbüloğlunun mahnı oxuduğu və onunla birgə rəqs elədiyi tədbirdən çəkilmiş videoçarxı özünün "Facebook" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

"Böyük Polad Bülbüloğlu növbəti dəfə özünün 75 yaşında ürəyimi fəth elədi. Bravo Maestro. O, mənim üçün oxudu, sonra isə məni rəqsə dəvət elədi. Mən xoşbəxt qadınam", - deyə Netrebko yazıb.

Anna Netrebko Bakıya həyat yoldaşı - Azərbaycanın Xalq artisti Yusif Eyvazovla birlikdə Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış etmək üçün gəlib. Onlarla birlikdə səhnəyə Xalq artisti Elçin Əzizov da çıxıb.

Anna Netrebko müasir Rusiya tarixinin ən istedadlı opera müğənnilərindən biridir. O, "Ruslan və Lyudmila", "Boris Qodunov", "Sevilya bərbəri", "Çar gəlini", "Don Juan", "Riqoletta", "Bohema" və bir sıra digər operalarda möhtəşəm ifaları ilə şöhrət qazanıb. 2002-ci ildə Mariinsk teatrının heyətinin tərkibində Metropolitan Operasının səhnəsində "Hərb və Sülh" əsərindən oxuduğu parçalar geniş rezonans doğurub və ona dünya şöhrəti qazandırıb. Bundan sonra Netrebko dünyanın bir çox ölkəsində ən müxtəlif səhnələri bölüşüb.

Anna Netrebko və Yusif Eyvazov 2015-ci ildə ailə qurublar.