MƏDƏNİYYƏT

Möhtəşəm yenilik edən azərbaycanlı qız: "Azərbaycan xanımları hər şeyə qadirdir"

Tünzalə Məmmədzadə: "Əsərimin birini Ərdoğana verdim, ikincini isə satmaq fikrim yoxdur"
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 13 may — Sputnik. Azərbaycanlı rəssam və rəssamlıq üzrə usta, Türkiyənin Mərmərə Universitetinin İncəsənət tarixi üzrə doktorantı Tünzalə Məmmədzadə özünün şəxsi sərgisinə hazırlaşır. Bu sərgidə özünün yeni yaradıcılığını təqdim etmək niyyətindədir. 

O, dünyada "Quran"ı şəffaf qara ipək səhifələrə qızıl və gümüş boyalarla çəkməsi ilə şöhrət qazanıb. Məmmədzadə Sputnik Azərbaycan-a verdiyi müsahibədə öz şedevri və yeni planlarından danışıb. 

Möhtəşəm yenilik edən azərbaycanlı qız: "Azərbaycan xanımları hər şeyə qadirdir"

- Tünzalə, siz niyə məhz rəssam olmaq qərarına gəldiz?

- Uşaqlıqdan incəsənətə marağım olub. Anam da yaradıcı şəxsiyyət olub. Düşünürəm ki, mənə, bacıma və qardaşıma bu istedad və incəsənətə sevgi məhz anamdan keçib. O, həmişə tikmə tikir, naxış vurur, nəsə düzəldirdi, mən də onun elədiklərini təkrarlamağa çalışırdım. Ailəm bir müddət incəsənətlə məşğul olmağıma qarşı çıxırdı, çünki bu, qadın üçün çox çətin sahədir. Valideynlərim çox istəyirdi ki, ingilis dili müəllimi olum. Mən onların arzusunu yerinə yetirdim, amma başa düşdüm ki, incəsənətlə məşğul olmadan yaşaya bilmirəm. Sənədlərimi Bakı Rəssamlıq Akademiyasına verdim və daxil oldum. Sonra Qərb Universitetində magistraturanı və Rəssamlıq Akademiyasının doktoranturasını bitirdim.

Eyni zamanda Azərbaycanın qədim tikmə növü təkəlduzla çox maraqlanırdım. Bunda da anamın rolu böyük olub, çünki o, bu sənəti peşəkar səviyyədə bilir. Bir müddət bu işlə məşğul oldum, sonra onu da buraxaraq Türkiyənin Mərmərə Universitetinə imtahan verdim və qəbul oldum.

- Sizin yaradıcılığınız qeyri-adi janrdadır. Bu janr necə adlanır?

- Rəsmlərimi yaratdığım janr dünyanın heç bir ölkəsində yoxdur. "Silk art" (İpək sənəti) istiqamətini yaradan yeganə rəssamam. Biz sənətşünaslarla söhbət zamanı o qənaətə gəlmişik ki, mənim məşğul olduğum janr dekorativ və təsviri sənətlərin sintezini ehtiva edir. Bu janrın müəlliflik hüququnu almışam, heç kəs onu mənimsəyə bilməz.

- İncəsənətdə yeni janr yaratmağa necə nail olmusuz?

- Rəssamlıq Akademiyasında bizə təsviri incəsənətin müxtəlif janrları ilə işləməyi öyrədiblər. Mən həmişə nəsə bir yeniliyin axtarışında olmuşam. Başa düşmüşəm ki, nə qədər gözəl çəksəm də, Leonardo da Vinçi, yaxud Mikelancelo ola bilməyəcəm. İlk dəfə ipəyin üzərində "Dua edən qız" rəsmini çəkdim. İşim olduqca xoşuma gəldi, ondan çox razı qaldım və qərara gəldim ki, öz janrımı yaratmaq üzərində işləyim. Mənim üçün sənətşünasların fikirləri olduqca vacib idi. Ona görə də onların rəyini alandan sonra öz işimi sərgiləməyə başladım. Bu, incəsənətin çox çətin janrıdır, çünki burada səhv etmək olmaz. İpəyin üzərində çox səliqə ilə çəkmək lazımdır. Öz əsərlərimi çəkmək üçün bütün materialları Türkiyədən gətirirəm. Bu sənətin çətinliyinə baxmayaraq, bu janrda işləmək istəyənlərin sayı çoxdur. 

Möhtəşəm yenilik edən azərbaycanlı qız: "Azərbaycan xanımları hər şeyə qadirdir"

- İlk dəfə ictimaiyyətə öz işinizi nə zaman təqdim etmisiz?

- Bu, 2014-cü ildə olub. İlk dəfə 28 May - Respublika Gününə həsr olunmuş "Zamanın izləri" şəxsi sərgim baş tutub. Elə həmin il TÜRKSOY-un dəvəti ilə Şəkidə öz işlərimi təqdim etmişəm. Azərbaycanda çox sayda tələbəm olduğu üçün Türkiyədə təhsil almağa getməmişdən əvvəl onlarla birlikdə sərgi təşkil elədim. İşlərimi təkcə Azərbaycanda deyil, Türkiyə, Dubay və digər ölkələrdə də nümayiş etdirmişəm.

- Sizə yaratdığınız bu qeyri-adi janrı öyrənmək üçün xaricdən müraciət edənlər olub?

- Mənə bir sıra ərəb ölkələrindən, həm də Türkiyədən iş üçün dəvətlər gəlib, amma imtina etmişəm. Düşünürəm ki, pul naminə həyatdakı bəzi dəyərləri itirmək olmaz. Mən öz vətənimə, ailəmə çox bağlıyam və qürbətdə yaşamaq istəmirəm. Məni öz vətənimdə də qiymətləndirirlər, hətta Bakı Mühəndislik Universitetində mənə iş də təklif ediblər, razılıq vermişəm və hazırda həmin ali məktəbdə dərs deyirəm.

- Siz şəffaf qara ipək üzərində "Quran"ı yazmaqla şöhrət qazanmısız. Bu ideya ağlınıza necə gəlib?

- Buna qədər ipək üzərində xəttatlıq öyrənmişdim. Sadəcə bir dəfə qardaşımla oturub söhbət edərkən ağlıma bu ideya gəldi. Araşdıran zaman gördüm ki, indiyə qədər heç kəs "Quran"ı ipək üzərində yazmayıb, baxmayaraq ki, bu günə qədər müqəddəs kitabı müxtəlif materialların üzərində yazıblar. Bunu etmək üçün mənə 1,5 litr qızıl və gümüş boya, 50 metr qara şəffaf ipək və 3 illik gərgin əmək lazım idi. Səhifələrin ölçüləri 29 sm eninə və 33 sm uzununadır. Bəzən mən gecə-gündüz işləməli olurdum.

- Bizə məlumdur ki, yazdığınız "Quran"ı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə etmisiz...

- Bəli. Müqəddəs kitab məndə iki nüsxə idi. İkinci nüsxəni Türkiyənin rəhbərinə hədiyyə etmək qərarına gəldim. Göstərmək istəyirdim ki, Azərbaycan xanımları hər şeyə qadirdir. Həmin "Quran" Türkiyə Prezidentinə Türkiyə universitetlərindən birinin 135-ci ildönümündə iştirakı zamanı təqdim edildi. Mən onda çox həyəcanlanmışdım və Azərbaycan incəsənətini ləyaqətlə təmsil etdiyim üçün çox qürurlanmışdım.

- "Quran"ın birinci nüsxəsini də kiməsə hədiyyə etməyi düşünürsüz?

- Onu əldə etmək istəyənlər çox olub. Onların əksəriyyəti ərəb ölkələrinin vətəndaşlarıdır. Ancaq onu satmaq fikrim yoxdur. Bu müqəddəs kitab kolleksiyamın bir hissəsidir. 

Möhtəşəm yenilik edən azərbaycanlı qız: "Azərbaycan xanımları hər şeyə qadirdir"

- Hər dəfə yeni mövzu üzərində işləmək çətin deyil ki?

- Yox, sənət adamları üçün bu, çətin deyil. Əgər insanın istedadı varsa, mövzu həmişə tapılacaq. Bəzən düşündüklərimi həyata keçirməyi fiziki cəhətdən çatdırmıram. İdeyalar həmişə var.

- Öz rəsmlərinizi çəkməyə nə qədər vaxt sərf edirsiz?

- Hər şey işdən asılıdır. Bəzən bir əsəri bir həftəyə tamamlayıram, bəzənsə bir il tələb olunur. Öz işlərimdən birinə 3 il vaxt sərf eləmişəm.

- Hazırda nəyin üzərində işləyirsiz?

- Bu ilin yanvarında Cavanşir Quliyevin yaradıcılığına həsr olunmuş sərgi təşkil eləmişəm. Bu sərginin açılışında bəstəkarın özü də iştirak edirdi. Rəsmlərim onun çox xoşuna gəldi. Hazırda Qara Qarayev və Emin Sabitoğlunun əsərlərinə həsr olunmuş rəsmlər üzərində işləyirəm. Digər sərgilərlə bağlı da planlarım var. Artıq bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət etmişəm. Planlarım çoxdur, sadəcə bunları həyata keçirmək üçün vaxt və maliyyə lazımdır.