CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bir ayda 290 cütlükdə talassemiya aşkarlandı

"Elə ailələr olur ki, qız daşıyıcı olduğu üçün oğlan tərəfi deyir ki, biz onu "almırıq" - Zöhrə Əlimirzəyeva
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. "2019-cu ilin aprelində nikaha daxil olmaq istəyən 12 min 123 nəfər müayinədən keçib. Bu müddətdə 290 cütlükdə talassemiya daşıyıcılığı, 31 nəfərdə sifilis, 24 nəfərdə isə HİV aşkarlanıb". B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuzilogiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Sputnik Azərbaycan-a açıqlamasında belə deyib.

Talassemiya xəstəsi və polis arasında münaqişə: Femidanın özü bunu həll etməkdə acizdir

O qeyd edib ki, bu cütlüklərdən yalnız beşində hər iki tərəfdə talassemiya aşkarlanıb: "Ümumilikdə isə 2015-ci ildən bu günədək nikaha daxil olmaq istəyən 542 min 38 nəfər müayinədən keçib ki, onların da 19 min 253-də talassemiya daşıyıcılığı aşkarlanıb. Onların 1777-də siflis, 496-da isə QİÇS aşkarlanıb. Hər ikisində talasemiyya daşıyıcılığı olan cütlüklərin sayı isə bu vaxtadək 204 olub".

"Talasemiyya ilə mübarizə üçün daşıyıcı olan belə şəxslər övlad planlaşdırarkən onlara tərəfimizdən tibbi genetik konsultasiya verilir. Biz belə şəxsləri biz 13-18 həftələrdə müayinə edir, onlarda dölyanı maye yoxlanılır və molekulyar genetik müayinə təşkil edilir. Xəstə uşaqlar isə abort yolu ilə götürülür. Belə ailələrdə xəstə uşaqlar doğulmur" – deyə Z.Əlimirzəyeva əlavə edib.

O, bildirib ki, hər iki tərəf daşıyıcı olduqda onların övladlarının xəstə doğulma riski daha yüksək olur: "Əsas məqsədimiz talassemiya ilə uşaq doğulmasın, bununla mübarizə aparılsın".

"2019-cu ilin birinci ayında 9 min nəfər müayinədən keçib. Rəqəmlərin artması müayinə olunanların sayından asılıdır. Xəstəliklərin vaxtında aşkarlanması isə müsbət haldır", – deyə həmsöhbətimiz əlavə edib.

O, bildirib ki, bu müayinələrdən sonra ailə qurmağa hazırlaşanlardan 10-12 nəfər evlilikdən imtina edib: "Biz onlara uşağın xəstə doğulma riskinin nə dərəcədə olduğunu başa salırıq. Bir xəstəmiz var onun birinci övladında daşıyıcılıq aşkarlanıb, digərləri isə sağlamdır. Belə uşaqlar doğulduqdan sonra da valideynləri onları bizim mərkəzə gətirərək yoxlayırlar".

"Elə ailələr olur ki, qız daşıyıcı olduğu üçün oğlan tərəfi deyir ki, biz onu "almırıq". Lakin bir daha vurğulamalıyam ki, daşıyıcı praktiki olaraq sağlam adamdır", – Z.Əlimirzəyeva qeyd edib.