BAKI, 12 may — Sputnik. ABŞ Konqresi Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynə ümumilikdə 6 milyard dollarlıq "Patriot" raket sistemi və silah-sursat satışına razılıq verib.
Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Bəhreynin 2 milyard 478 milyon dollar qarşılığında "Patriot" raket sistemləri ilə bu sistemlərə inteqrasiya olunmuş avadanlıqları alması nəzərdə tutulur. Bu paket içərisində təyyarələri və naviqasiya raketlərini vura bilən 36 ədəd "Patriot MIM-104E" zenit-raket kompleksinin satışının yer aldığı qeyd edilib.
Bəhreynin həmçinin hava qüvvələrində saxladığı F-16-larda istifadə edilə bilmək üçün 750 milyon dollar dəyərində əlavə silah sistemləri alacağı deyilib.
Qeyd edək ki, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri üçün satışı təsdiq olunan silahları ABŞ-ın "Raytheon" və "Lockheed Martin" firmaları istehsal edir. ABŞ rəhbərliyi keçən ay da Səudiyyə Ərəbistanına 2.4 milyard dollarlıq "THAAD" hava müdafiə sistemi raketlərini satmışdı.