Zelenskiyə qarşı yeni plan: Ali Radaya təklif verildi

Yeni prezidentin 2 dəfə and içməsi və xalqa hesabat verməsi tələb olunur
Sputnik

BAKI, 11 may — Sputnik. Ukrayna prezidenti seçilən Vladimir Zelenskinin inauqurasiya mərasiminin iki mərhələdə keçirilməsi təklif olunub. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə qanun layihəsini Ali Radaya "Pyotr Poroşenko Bloku"ndan deputat Sergey Kaplin irəli sürüb.

Ukrayna Mərkəzi Seçki Komissiyası Zelenski barədə qərar verdi

Sənəddə qeyd olunur ki, prezident mayın 19-u Ali Radada, iyunun 3-ü isə Kiyevdə "Olimpiyski" stadionunda and içməlidir. Qeyd olunur ki, bu, mərasimdə xeyli sayda xarici qonaq və Ukrayna vətəndaşının iştirak etməsinə imkan verəcək. Mərasim bütün ümummilli kanallarda canlı olaraq yayımlanmalıdır. Bundan əlavə, hər il ölkə başçısı "Olimpiyski" stadionunda Ukrayna xalqına hesabat verməlidir.

Amma maraqlıdır ki, "Pyotr Poroşenko Bloku" liderləri Pyotr Poroşenko prezident olan zaman belə bir təkliflə çıxış etməyib.

Qeyd edək ki, Ukrayna Ali Radası Zelenskinin inauqurasiya tarixini təyin etməlidir. Mərasim 30 maydan gec olmayaraq keçirilməlidir.

Xatırladaq ki, Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) rəsmən Vladimir Zelenskini prezident seçkilərinin qalibi elan edib. MSK-nın məlumatına görə, o, seçkilərdə seçicilərin 73,23%-nin səsini toplayıb. Onun rəqibi, hazırkı prezidenti Pyotr Poroşenko isə 24,45% səs yığıb.