CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taksidə yeni qadağa: Qanun var, qalır tətbiq olunması

Elməddin Muradlı: “Taksidə siqaret çəkənləri müəyyən etmək asan olmayacaq və bu da sürücülərlə yol polisləri arasında münaqişəyə gətirib çıxaracaq”
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Milli Məclis ictimai nəqliyyatda siqaret çəkilməsinin qadağan edilməsini nəzərdə tutulan qanun layihəsi qəbul edib. Layihəyə əsasən, taksi sürücüsü və sərnişin avtomobildə siqaret çəkərsə, 40 manatdan 50 manatadək cərimə ödəməli olacaq. Maraqlıdır, bu cərimələr necə tətbiq olunacaq? Yəni,  Dövlət Yol Polisinin (DYP) əməkdaşı sürücüyə və sərnişinə avtomobilin içində siqaret çəkdiyini necə sübut edəcək? Həmçinin cərimələnmə hansı formada həyata keçiriləcək?

Bakıda bəzi avtomobillərin taksi kimi istifadəsinə qadağa qoyuldu

Sputnik Azərbaycan-ın əməkdaşı yeni qanun layihəsi ilə bağlı əhalini düşündürən bu və ya digər suallara ekspertlərlə cavab tapmağa çalışıb.

Yol-nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, DYP işçiləri üçün taksidə siqaret çəkən sürücünü müəyyən etmək sürücüyə nisbətən bir qədər asan olacaq: “Amma arxada əyləşən sərnişin avtomobildən görünməyəcək. Dövlət Yol Polisi əməkdaşı avtomobili saxlayıb yaxınlaşana kimi sərnişin siqareti külqabıya atacaq. Və ya sürücü də eyni vəziyyətdə, avtomobili saxlayana kimi siqareti külqabıya atacaq”.

E.Muradlı düşünür ki, ümumilikdə taksidə siqaret çəkənləri müəyyən etmək asan olmayacaq və bu da sürücülərlə yol polisləri arasında münaqişəyə gətirib çıxaracaq.

O, siqaret çəkən avtobus sürücülərinin müəyyən edilməsi və cərimələnməsi ilə bağlı yaşanan problemləri də xatırladıb: “Avtobuslarda siqaret çəkən sürücüləri Bakı Nəqliyyat Agentliyinin işçiləri də, yol polisinin əməkdaşları da cərimələyir. Problem odur ki, sürücü avtobusda siqaret çəkəndə sərnişinlər narazılıq edir. Amma yol polisi əməkdaşı avtobusu saxlayıb sürücüyə avtobusda siqaret çəkdiyi üçün cərimə yazmaq istəyəndə sərnişinlər etiraz edirlər ki, “niyə avtobusu saxlamısan, biz gecikirik”.

Ekspertin qənaətincə, belə problemlərin olmaması üçün  avtobuslarda və taksilərdə kameralar quraşdırılmalıdır: “Və məhz o kameralar vasitəsi ilə cərimələr tətbiq edilməlidir. Əks halda problemlər hələ də qalmaqda davam edəcək”. 

Nəqliyyat eksperti Azər Allahverənov isə düşünür ki, bu qanun kağız üzərində qalmayacaq: “Cərimələr tətbiq olunacaq. Necə ki, sürücülər kəmər taxmadıqları, sükan arxasında telefonla danışdıqları üçün cərimə olunurlar, artıq siqaret çəkəndə də cərimə olunacaqlar. Bu qanun lazım idi. Mən belə halların tez-tez şahidi oluram. Hətta əlini avtomobilin yan pəncərəsindən çıxarıb siqareti saxlayırlar. Bu zaman da bir əllə avtomobili idarə edirlər. Bu da çox təhlükəlidir”.

Siqaret çəkənlər, ətrafınızdakılara verdiyiniz zərərdən xəbəriniz var?

A.Allahverənov düşünür ki, Yol Patrul Xidmətinin əməkdaşları çox rahatlıqla belə halları aşkarlayıb, cərimə tətbiq edəcəklər.

“Eyni zamanda avtomobildən kimsə, istər sürücü, istərsə də sərnişinlər avtomobilin yan pəncərələrindən çölə zibil atarsa, onlar da cərimələnirlər. Vətəndaşlar qayda pozduqları üçün 30-50 manat arası cərimə olunur” – o vurğulayıb.

Qeyd edək ki, yeni qanuna qədər ölkəmizdə avtobus, metro, təyyarə, qatar kimi ictimai nəqliyyatdan istifadə zamanı siqaret çəkmək qadağan idi. Yeni dəyişikliklə taksi də nəqliyyat vasitəsi kimi onların sırasına daxil oldu. Azərbaycanda ilk dəfədir ki, taksidə siqaret çəkmək qadağası qoyulur.