CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

SOS: Azərbaycanda qadınların sayı kəskin azalıb

“Əgər qız uşaqları abort vasitəsilə öldürülməsəydi, Azərbaycanda hər 100 qıza 105 oğlan düşəcəkdi”
Sputnik

BAKI, 11 may — Sputnik. "Azərbaycanda bir neçə il öncə qadınların sayı ölkə əhalisinin 51.7 faizini təşkil edirdisə, hazırda bu rəqəm 50.1 faizə qədər enib".

Sputnik Azərbaycan Reporta istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

SOS: Azərbaycanda qadınların sayı kəskin azalıb

O bildirib ki, son illər Azərbaycanda qadınların sayı 10 minlərlə azalıb: "Cins nisbətinin pozulması hallarının qarşısının alınması üçün Milli Fəaliyyət Planı hazırlanıb. Əgər qız uşaqları abort vasitəsilə öldürülməsəydi, Azərbaycanda hər 100 qıza 105 oğlan düşəcəkdi. Ölkədə qız uşaqlarının abort yolu ilə öldürülməsi halları hələ də mövcuddur. Ona görə də hər 100 qıza 115 oğlan düşür. Bu da o deməkdir ki, ölkədə qadınların sayında əvvəlki illərə nisbətdə ciddi şəkildə azalma müşahidə olunur. Bununla da balans və tarazlıq pozulub. Ona görə də cins nisbətinin pozulması halları gələcəkdə böyük problemlərə gətirib çıxaracaq".

Şöbə müdiri bu problemlə intensiv şəkildə mübarizə aparılmasının zəruri olduğunu vurğulayıb: "Selektiv aborta birdəfəlik qadağa qoyulsaydı cins nisbəti pozulmayacaqdı və ölkədə artım təbii şəkildə öz axarı ilə inkişaf edəcəkdi. Artımın ləngiməsi isə ana bətnində körpələrin qətlə yetirilməsindən irəli gəlir. Bu da gələcəkdə baş verəcək ciddi problemlərin həyəcan siqnalıdır. Ona görə də bu problemlə intensiv şəkildə mübarizə aparılmalıdır".