MƏDƏNİYYƏT

Qazaxıstanlı müğənni Emin Ağalarova vurulub: “O, çox romantikdir”

Loren Bakının gözəlliyinə və qonaqpərvərliyinə aşiq olub.
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Məşhur Qazaxıstan müğənnisi Loren (Loren Tirolskaya) Azerbaijan Fashion Week-də iştirak etmək üçün Bakını ilk dəfə ziyarət edib. O, təkcə bakılılar üçün öz hitlərindən birini oxumaqla kifayətlənməyib, həm də podiuma çıxaraq həmyerlisinin hazırladığı geyimi nümayiş etdirib. Loren Bakı ilə bağlı təəssüratlarını Sputnik Azərbaycan-a müsahibəsində bölüşüb.

- Loren, Bakı sizcə necədir?

- Mən ilk dəfədir Bakıya gəlmişəm. Üç gün ərzində Bakıda İçərişəhəri gəzmək imkanım olub. Həmçinin taksi ilə xeyli yeri gəzmişəm. Bura çox xoşuma gəlib. Təəssüf ki, indi Bakıda çox dayanmaq imkanım yoxdur. Amma Bakını gözaltı eləmişəm, bura mütləq yenidən qayıdacağam. Mən şəhərinizin gözəlliyi barədə eşitmişdim, indi də öz gözlərimlə gördüm. Sizin çox qonaqpərvər insanlarınız var, mən bunu öz üzərimdə maksimum hiss elədim. Azərbaycan mətbəxi isə sadəcə mükəmməldir. Mən hətta artıq çəki yığdığıma görə heyfslənmədim də.

- Azerbaijan Fashion Week sizcə necə keçdi?

- Hər şey xoşuma gəldi. Təşkilatçılıq yüksək səviyyədə idi. Mən Bakıya qazaxıstanlı dizayner dostlarımla birlikdə gəlmişəm. Nümayişdə onları model kimi dəstəkləmək xoş idi, baxmayaraq ki, bu, mənim işim deyil. Podiuma ilk dəfə çıxmırdım. Buna qədər model qismində Gürcüstanda və Tacikistanda keçirilən moda həftələrində iştirak etmişəm. Almatıda da tez-tez podiuma çıxıram. Mənim çoxlu dizayner dostlarım var və ona görə də onların təklifindən imtina edə bilmirəm.

- Cəmi üç ilə yaxındır səhnədəsiniz. Amma nəinki Qazaxıstanda, elə Rusiyada da şöhrət qazanmısınız. Bunu nəyə borclusunuz?

- Bəli, mən hazırda iki ölkədə - Qazaxıstanda və Rusiyada yaşayıb işləyirəm. Təəssüf ki, yaradıcılıq daimi iş deyil. Musiqi, onun uğurlarını kazinodakı ruletkaya bənzətmək olar, bu gün şansın gətirir, sabah isə yox. Şöhrətə gedən yol həmişə uzun və keşməkeşlidir. Mən hələ cəmi üç ildir musiqidəyəm. Ona görə də hər şey qabaqdadır. Yaradıcılığım irəliləyir. Tezliklə yeni albomumu çıxarmağa və klipimi çəkdirməyə hazırlaşıram.

- Sizi bir çox ölkədə təkcə müğənni kimi deyil, həm də onkoloji xəstəliyə qalib gəlmiş və yenidən səhnəyə qayıtmış döyüşçü kimi tanıyırlar. Yenidən yaradıcılığa qayıtmaq üçün güc toplamağa necə nail olmusuz?

- Yəqin ki, bu xəstəliyin öhdəsindən gəlməkdə mənə həyat eşqim və irəli getmək istəyim kömək edib. Əgər əlini buraxsan, təslim olsan təkcə özünə deyil, yaxınlarına da pislik eləmiş olacaqsan. Həmişə yanımda anam olub. Bilmişəm ki, ərim məni sevir və gözləyir. Doğma və yaxınlarım mənə güc, dəstək verdilər. Başa düşdüm ki, xəstəliklə mübarizə aparmaq lazımdır, təslim olmaq üçün hələ çox gəncəm.

Şiş mərkəzi arteriyamda və qırtlağımın sağ tərəfində tapılmışdı. O, çox təhlükəli yerdə yerləşirdi. Həkimim özünün çoxillik karyerası dövründə ikinci dəfə idi ki, belə bir əməliyyat edirdi. Əməliyyatdan bir gün əvvəl mənə xəbərdarlıq etdilər ki, əməliyyat ölümcül ola bilər. Onun üz və çiyin sinirlərinə zərər verə biləcəyini söylədilər. Bilə-bilə ki, ayılmaya bilərəm və mənə heç kəs heç nə söz verməyib, əməliyyat stoluna uzandım. Əməliyyatdan sonra udquna, çeynəyə, yemək yeyə, danışa bilmədim, üzümün yarısını hiss etmirdim. Düşündüm ki, səsim heç vaxt qayıtmayacaq, amma qayıtdı.

- Siz tamamilə sağala bildiniz?

- Bəli, artıq xəstəliyi yadımdan çıxarmışam. Bu, artıq mənim üçün keçmiş mərhələdir, sanki o, həyatımda heç vaxt olmayıb. Yəqin siz bilmirsiniz ki, ixtisasca marketoloqam və məhz xəstəlik başa düşməyimə kömək elədi ki, səs mənə havayı yerə verilməyib. Səsim özümə qayıtdı, deməli, Böyük Yaradan bu istedadı mənə əbəs yerə verməyib, onu inkişaf etdirməliyəm. Hazırda tamamilə yaradıcılıqla məşğulam. Musiqi böyük diqqət və əmək tələb edir.

- Duet oxumaq istədiyiniz azərbaycanlı ifaçı varmı?

- Hələlik kiminləsə duet oxumaq istəmirəm və bu barədə fikirləşmirəm. Bu, azərbaycanlı ifaçılarla bağlı deyil, elə rusiyalılara da aiddir. Hesab edirəm ki, kiminsə hesabına məşhurlaşmaq düzgün deyil. Mən öz gücümə auditoriya və pərəstişkar toplamaq istəyirəm. Məqsədim dünya miqyaslı ifaçı səviyyəsinədək inkişaf eləməkdir.

Məşhur artist səviyyəsinə gəlib çatandan sonra Emin Ağalarovla birgə oxumaq istəyərdim. Onun yaradıcılığı, musiqisi və istedadı çox xoşuma gəlir. O, çox romantik kişidir. Düşünürəm ki, mən onun səviyyəsində artist olanda biz mütləq birlikdə oxuyacağıq. Ola bilsin ki, bu il "Jara" Bakı Beynəlxalq Musiqi Festivalına gəldim.