Sürücü və piyadalara xəbərdarlıq

"Yolun hərəkət hissələrinə çıxmayın, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşün"
Sputnik

BAKI, 8 may — Sputnik. "Bakıda və Abşeron yarımadasında müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik".

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib. BNA piyadalardan xahiş edir ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər.