BAKI, 8 may — Sputnik. Yaxın vaxtlarda Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü baş tutacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə keçirdiyi görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, görüş Rusiyada təşkil olunacaq: "Biz İran İslam Respublikasının Xarici İşlər naziri ilə səmərəli danışıqlar apardıq. İkitərəfli münasibətlərin vəziyyətini nəzərdən keçirdik. Ölkələrimiz arasında siyasi səviyyədə yüksək səviyyəli olmaqla müntəzəm əlaqələr var".
"Hazırda gündəlikdə Rusiyada keçirilməli olan Rusiya-İran-Azərbaycan formatında üçtərəfli görüşə hazırlıq dayanır" - deyə Rusiya XİN başçısı bildirib.
Qeyd edək ki, aprelin 26-da Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə Çinin paytaxtı Pekində baş tutan görüşü zamanı da bu haqda açıqlama vermişdi. O bildirmişdi ki, Rusiya, Azərbaycan və İran liderlərinin görüşü avqustda baş tutacaq.