İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 8 may — Sputnik. Yevlax rayon Aşağı Qarxun kənd sakini Vuqar Abdullayev yeni və müasir silahın sxemini hazırlayıb. O, 48 illik ömrünün 22 ilini sərf etdiyi, 2 nəsildən ibarət silahın adını "Optik Lazer-01" və Optik Lazer-02" (OL-01, OL-02) qoyub. İxtiraçının təsnifatına görə, dünyada bir ilk olan bu silah 5 kilometrlik məsafədən düşmənin canlı qüvvəsini və texnikasını məhv etmə gücünə malikdir.
Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində Vüqar Abdullayev deyib ki, yaşadığı ərazi işğal altındakı torpaqlarımızın bir addımlığında yerləşdiyindən, vətənimizin müdafiəsi, torpaqlarımızın qorunması üçün öz töhfəsini vermək istəyib. Bu səbəbdən gündəlik problemlərin həlli ilə məşğul olmaq əvəzinə, hər bir azərbaycanlı üçün ən önəmli məsələ olan Dağlıq Qarabağ probleminin həllinə kömək etmək üçün bu addımı atıb.
Ömrünü elmi işlərə sərf edən ixtiraçı silahın texniki xarakteristakası haqda da danışıb: "Dünyada tayı-bərabəri olmayan bu silah olan yerdə ağır mərmi, patron daşımağa ehtiyac qalmır. 35 və 50 kq olan silahı götürən iki əsgər bir qoşunun axırına çıxa bilər".
"45 mm kalibrlik "Optik Lazer-01" 10-50 kilovat gücündə olub, 1 milyon dərəcə selsi ilə hədəfi vurmaq gücünə malikdir. "Optik Lazer-02" isə 100 kilovatdan artıq olub, hədəfə 25 milyon selsi istiliklə zərbə endirir. Saniyədə 10 atəş açmaq imkanına malik olan lazer 1/1000 saniyə ərzində hədəfə çatır" - deyə o məlumat verib.
V.Abdullayev OL-01 OL-02 lazerlərinin nüvə gücündən istifadə etdiyini, dünyada bu gücdə, bu çəkidə ikinci bir silahın hələ mövcud olmadığını söyləyib.
Müsahibimiz dəfələrlə aidiyyəti qurumlara müraciət edərək, əlində olan sxemin reallığa çevrilməsini istəsə də, buna nail olmadığını qeyd edib: "Dəfələrlə Milli Elmlər Akademiyasına, keçmiş Müdafiə Sənayesi Nazirliyinə, Müdafiə Nazirliyinə müraciət etmişəm. Rəsmi cavab olaraq mənə ixtiramı patentləşdirmək üçün aidiyyəti üzrə müraciət etməli olduğumu yazıblar. Qeyri-rəsmi cavabda isə ölkəmizdə bu silaha rəy verəcək mütəxəssisin olmadığı diqqətə çatdırılıb".
O, hələ də ümidlidir. İnanır ki, 22 illik zəhməti yerdə qalmayacaq...