CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik dumanla bağlı açıqlama verdi

Dumanlı hava şəraiti ilə əlaqədar öncədən müvafiq təşkilatlara xəbərdarlıq ünvanlanıb
Sputnik

BAKI, 8 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında səhər saatlarında müşahidə edilən duman barədə açıqlama verib. Bu barədə Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

"Abşeron yarımadasında görünüş hazırda 500-600, bəzi yerlərdə 200 metrədək məhdudlaşıb. Nisbi rütubət 86-88 faiz təşkil edir.

Qeyd edək ki, hava şəraitini azqradiyentli nisbətən alçaq təzyiq sahəsi təyin edir və əsən cənub, cənub-şərq istiqamətli zəif külək dənizdən rütubətli hava kütlələrinin quruya doğru hərəkətini təmin edir.

Bu gün günorta saatlarında küləyin sürəti bir qədər artacaq və bu səbəbdən dumanın tədricən çəkiləcəyi gözlənilir, lakin gecəyə doğru yenidən duman olacağı ehtimalı var.

Bildiririk ki, dumanlı hava şəraiti ilə əlaqədar öncədən müvafiq təşkilatlara xəbərdarlıq ünvanlanıb" - açıqlamada deyilir.