CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı "Molokan dua evi" nəzarətə götürüldü, aqibətinə dair qərar veriləcək - VİDEO

Hazırda gənclərə binanı boşaltmaq üçün vaxt verilib, onlar isə binadan çıxmaq niyyətində deyillər
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. Paytaxtın Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən, əvvəllər "Molokan dua evi" kimi tanınan bina sökülməsi ilə bağlı qalmaqallı xəbərlər yayılıb. Tarixi bina olduğu qeyd edilən bu binanın sökülməsi barədə Sputnik Azərbaycan-a hazırda binada fəaliyyət göstərən "Salaam Cinema" studiyasının nümayəndələri məlumat veriblər.

Bakıdakı "Molokan dua evi" nəzarətə götürüldü, aqibətinə dair qərar veriləcək - VİDEO

Onlar bildiriblər ki, bina əsrin əvvəllərində tikilib. Əvvəlcə "Molokan dua evi" olan binada, sonradan radio-yayım evi yerləşib. 2000-ci illərdən isə bina boş qalıb. Studiyanın üzvləri bu ilin əvvəlində binanı icarəyə götürüblər.

Sputnik Azərbaycan-ın əməkdaşı sözügedən ünvanda olub və "Salaam Cinema"nın nümayəndələri ilə görüşüb. Qrupun üzvü Leyli Qafarovanın sözlərinə görə, onlar sözügedən binanı yanvar ayında müqavilə ilə kirayələyiblər.

"Biz vasitəçi ilə danışmışdıq. Demişdik ki, binanı icarəyə götürmək istəyirik. Ancaq bizə bildirildi ki, binanın sahibi Azərbaycanda olmadığına görə notariusla müqavilə bağlamaq mümkün olmayacaq. Biz razılaşdıq və nəzarətçilərlə müqaviləmizi bağladıq. 2500 manat pul da ödədik" - Qafarova bildirib.

"Mart ayında Novruz bayramı ilə əlaqədar bir neçə gün bura gələ bilmədik. Gələndə artıq binamızın döşəməsini sökmüşdülər. Biz sökənin kim olduğunu araşdırmağa çalışdıq. Ancaq heç kim bilmədi. Halbuki binada nəzarətçilər vardı" – deyə o, əlavə edib.

Deyilənə görə, bir müddət sonra bina sahibinin oğlu gənclərə bildirib ki, binanı onlara müvəqqəti olaraq istifadə üçün verir. Ancaq az keçməyib ki, hər şey dəyişib. Gənclərə deyilib ki, bina boşaldılmalıdır.

Leyli Qafarova binanın tarixi haqqında da məlumat verib: "Bina 1913-cü ildə, əslən molokan olan Skobelevin təşəbbüsü ilə molokanların dua evi kimi inşa edilib. Onun məqsədi bütün molokanları bir məkanda birləşdirmək olub. İnqilabdan əvvəl Bakıda yaşayan bütün molokanlar molokan icmasının həyatında fəal iştirak ediblər. Onlar daim dua evində keçirilən yığıncaqlarda toplaşıb və bütün dini bayramları mütləq şəkildə qeyd ediblər".

Gənclər iddia edirlər ki, onlar binanı icarəyə götürəndə təmirsiz vəziyyətdə olub. Sonradan onlar hissə-hissə buranı bacardıqları qədər təmir ediblər.

Onların əsas istəyi isə binanın sökülməməsidir. Hazırda gənclərə binanı boşaltmaq üçün vaxt verilib. Onlar isə binadan çıxmaq niyyətində deyillər. Buna baxmayaraq, artıq binanın bir neçə otağı bağlanıb.

Binanın bəzi otaqları istifadə üçün yarasız olsa da, gənclər buranın restavrasiya edilməsinin tərəfdarıdır. Otaqlarda binanın yeni tikildiyi dövrləri əks etdirən fotolar və molokanlar haqqında məlumatlar yer alıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Sputnik Azərbaycan-a bildirib ki, bina artıq nəzarətə götürülüb: "Bina tarixi abidə kimi dövlət qeydiyyatında deyil. Buna baxmayaraq, abidənin tarixi, memarlıq üslubu nəzərə alınaraq məsələ Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb. Araşdırmadan sonra qərar veriləcək ki, sökülsün, ya yox".