CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir

"Əgər doğrudan da, bu mərasim hər il mayın 6-da "Giorgi kilsə"sinə görə keçirilirsə və həmin gün də "Müqəddəs Giorgi" günüdürsə, onda görəsən niyə həmin gün Telavidə, Kutaisidə, Tbilisidə və Gürcüstanın digər ərazilərindəki kilsələrdə bayram edilmir?"
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. Ötən gün Qax rayonunun Əmbərçay kəndində yerləşən Alban məbədində ənənəvi "Kürmük oba" bayramı qeyd edilib. Bayram tədbirində rayonun yerli sakinləri – azərbaycanlılar, ingiloylar, gürcülər, eləcə də ətraf rayonlardan gələn qonaqlar iştirak ediblər. İştirakçılar əsl tolerantlıq örnəyi nümayiş etdirərək, səhər saatlarından başlayaraq dostluq şəraitində birgə məbədi ziyarət edib, dini ayinlər yerinə yetirib, qurban kəsiblər.

"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir

AMEA-nın tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bu ənənənin tarixindən danışıb: "Kürmük oba bayramı" adlanan bu bayram adından da göründüyü kimi, bizə məxsus olan və ilk əkinçilik dövründən bəri yaranmış inanc və etiqada görə inkişaf etmiş bir mərasimdir. Bunun sübutu, dini etiqadından asılı olmayaraq, bölgənin bütün sakinlərin bu mərasimə qatılmasıdır. Təəssüf ki, qərb qonşularımız olan Gürcüstanda bəzi millətçilər bu mərasimi öz adlarına çıxmağa çalışırlar. Bu, çox yanlışdır və sağlam düşüncəli insanlar bunun fərqindədir".

Ekspertin sözlərinə görə, əvvəllər burada qədim Alban məbədi mövcud olub və indi keçirilən mərasim hər zaman keçirilib. İndiki məbədin binası (kilsə) isə 1892-94-cü illərdə çarizmin xristianlaşdırma siyasətini həyata keçirmək üçün tikilib.

"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir

"2004-cü ildə bizim biganəliyimizdən və diqqətsizliyimizdən istifadə edərək, onu qismən dəyişdirib (xaçı da dəyişdirilib) gürcü kilsəsinə çevriblər. Bu, bizim, yəni qədim albanların bayramıdır və biz bu bayrama da, bu məbədə də sahib çıxmalıyıq" - deyə tarixçi əlavə edib.

Tarixçi Məcid Mehrani də yerli əhali tərəfindən qeyd edilən bu bayramın xristianlıq və gürcülərlə bir əlaqəsi olmadığını qeyd edib. O, "Kürmük oba bayramı" ilə bağlı gəzən söz-söhbətə belə aydınlıq gətirib: "Əgər doğrudan da, bu mərasim hər il mayın 6-da "Giorgi kilsə"sinə görə keçirilirsə və həmin gün də "Müqəddəs Giorgi" günüdürsə, onda görəsən niyə həmin gün Telavidə, Kutaisidə, Tbilisidə və Gürcüstanın digər ərazilərindəki kilsələrdə bayram edilmir? Amma ildə 2 dəfə - 6 may və 23 noyabr tarixlərində məhz bu kilsənin ətrafında bayram qeyd edilir. Bu, gürcülərin bayramıdırsa, onda qoy Gürcüstan ərazisində də qeyd olunsun və biz də fikirləşək ki, Azərbaycan ərazisində qeyd olunan bu bayramların onlara da aidiyyəti var. Yox, məhz bu əraziyə toplaşırlarsa, deməli, bunun pravoslavlığa, gürcülərə dəxli yoxdur. Söhbət tarixi 3-5 min il əvvələ gedib çıxan adətlərin başqa bir ad altında yaşadılmasından gedir. Elə eyni məqsədlə də bu günü bayram edirlər. Sadəcə, bəziləri bu bayramlardan çirkin siyasi məqsədlər üçün istifadə etməyə çalışır".

Qeyd edək ki, həmin gün məbəd, adi günlərdə olduğu kimi qapılarını hamının, eləcə də ölkədəki azsaylı xalqların və qonşu ölkələrdən gələn ziyarətçilərin üzünə açır. Məbədə gələn insanlar burada Allaha sitayiş və dua etməklə bərabər, məbədin ərazisindəki qədim daşın üzərində arzu və istəklərini söyləyərək şam yandırırlar.

Məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir.

Burada maraqlı cəhətlərdən biri də odur ki, "Kürmük oba" bayramında xristian zəvvarlar da İslam dininin haram buyurduğu donuz ətindən imtina edirlər.