CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sakinlər qərar verdilər: Gecəni küçədə yatarıq, amma ağacları kəsməyə qoymarıq

Biz ərazidə olanda, ətraf binaların sakinlərin əraziyə yığılıb, kəsilmiş ağac və kolların yerinə müxtəlif ağaclar və güllər əkirdi
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 6 may — Sputnik. Mayın 4-də gecə saatlarında Xətai rayonunda Məhəmməd Hadi küçəsi 93-99 ünvanında olan yaşıllıq ərazidə 130-a yaxın ağac və kol kəsilərək ərazi təmizlənib. 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Əraziyə baxış keçirilib və bildirilib ki, ərazidə böyük kəsinti qeydə alınmayıb. Belə ki, "ərazi sahibi" 25 meyvə ağacını kəsib. Digər ağaclar və kollar isə köçürülüb.

Sakinlər qərar verdilər: Gecəni küçədə yatarıq, amma ağacları kəsməyə qoymarıq

Bu gün Sputnik Azərbaycan-ın əməkdaşı sözügedən ərazidə olub, sakinləri dinləyib.

Məlum olub ki, M.Hadi küçəsi 93-99 ünvanında yaşayan sakinlərin hekayəsi 2 gün əvvəl deyil, əslində 2005-ci ildə başlayıb. Binaların ətrafında olan icazəsiz zəbt edilən ərazilər söküldükdən sonra ağaclıq ərazi sakinlərin istifadəsinə verilib. Elə bu vaxtdan da müxtəlif şəxslər əraziyə sahib çıxmağa, ağacları məhv etməyə çalışıblar. Amma bu günə qədər buna müvəffəq ola bilməyiblər.

Sakin Hacıağa İsabalayevin sözlərinə görə, işbazlar nəhayət 2 gün öncə arzularını həyata keçirərək, ərazidə 130-dan çox ağac və kolu məhv ediblər: "Park 1984-cü ildən bizim istifadəmizdə idi. Bütün ağacları da sakinlər özü əkmişdi. Bir neçə gün əvvəl isə iki cavan oğlan əraziyə gələrək ağır texnika ilə ağacları yerindən qoparıb daşıdı. Onlardan sənəd tələb etdik ki, bilək kimdirlər. Bizə heç bir sənəd göstərmədirlər".

Sakinlər qərar verdilər: Gecəni küçədə yatarıq, amma ağacları kəsməyə qoymarıq

Ərazidə yaşayan sakinlər deyir ki, müxtəlif vaxtlarda ağacların məhv edilməsi üçün işlər görülüb. Belə ki, gah yanğın törədilib, gah da ağacların dibinə müxtəlif maddələr tökülüb: "Sonra bizə dedilər ki, burada sakinlərin rahatlığını təmin etmək məqsədilə park salınacaq. Razı olduq. Gəlib ağacların gövdəsini də boyadılar. Ayın 4-ü gündüz qurumuş ağacları çıxarırdılar. Gecə saatlarında digər ağacları kəsməyə başladılar. Biz dəfələrlə burada olan ağaclara qarşı olan biganəlikdən Ekologiya və Təbii Sərvətlər Nazirliyində müraciət etmişdik. Amma hər kəs öz bildiyini edirdi. Ayın 4-dən isə bütün sakinlər toplaşıb, həyətdə növbə çəkirik ki, ağaclarımızı məhv etməsinlər".

Sakinlər deyirlər ki, sözügedən ərazi 0.24 hektardır və ərazidə çoxmərtəbəli bina tikilməsi planlaşdırılır.

H.İsabalayev ərazidə kəsilmiş və köçürüldüyü deyilən ağacları göstərir və bildirir ki, köçürülən ağaclar quruyub: "Ağacın da köçürülmə vaxtı var. Baxın, köçürülüb dedikləri ağaclar nə vəziyyətdədir. Nar, heyva ağaclarını, tamamilə məhv ediblər. Bura bizim bağımız idi. Bir hissəsini məhv etdilər. Amma imkan vermərik ki, bundan sonra bizim bağımızı gözümüz görə-görə məhv etsinlər".

Biz ərazidə olanda ətraf binaların sakinlərin əraziyə yığılıb, kəsilmiş ağac və kolların yerinə müxtəlif ağaclar və güllər əkirdi.

Bir tərəfdə isə samovar qaynadılırdı. Deyirlər ki, lazım olsa, gecə-gündüz növbə çəkəcək, amma bağın məhv edilməsinə razı olmayacaqlar.

"Bu ərazilərdə 10 mindən çox əhali yaşayır və heç bir istirahət parkı yoxdur. Bura bizim nəfəs aldığımız, yaşaya bildiyimiz yerdir. Biz burada çoxmərtəbəli binanın tikilməsini istəmirik" – deyə sakinlər etiraz edirlər.

Qeyd edək ki, yaşıllıq ərazi tikinti məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin 2013-cü il tarixli sərəncamı ilə vətəndaş Həzrət Temirova ayrılıb. Ərazidə olan ağacların kəsilməsi və köçürülməsi ilə bağlı bir neçə dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilsə də, buna icazə verilməyib.