BAKI, 6 may — Sputnik. Birləşmiş Ştatlar İran sahillərinə aviasiya zərbə qrupu və bombardmançı təyyarələri göndərir. Sputnik Azərbaycan "CNN" telekanalına istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib.
"Birləşmiş Ştatlar İran rejimi ilə müharibəyə cəhd etmir, lakin biz istənilən hücuma cavab verməyə hazırıq", - deyə Bolton vurğulayıb.
Prezidentin müşaviri qeyd edib ki, bununla da Vaşinqton İran rejiminə aydın siqnal verir ki, ABŞ-ın və onun tərəfdaşlarının maraqlarına istənilən hücum "qarşısıalınmaz güclə qarşılanacaq".
Qeyd edək ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp İrana qarşı neft sanksiyalarından istisnanı nəzərdə tutan qərarı uzatmaqdan imtina edib. "Bu qərar İranın neft ixracını sıfıra endirməyə hədəflənib" – deyə məlumatda bildirilir.
Ötən il Birləşmiş Ştatlar birtərəfli qaydada İranla bağlanan nüvə sazişindən çıxıb və yenidən rəsmi Tehrana qarşı sanksiyalar tətbiq edib. Lakin bir sıra ölkələrə - Çin, Hindistan, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə qarşı müəyyən müddət üçün istisnalar tətbiq olunmuşdu.
İran isə neft ticarətinə maneələr yaradılacağı təqdirdə Hörmüz boğazını neft ticarəti üçün bağlayacağını bildirib.